Accessibility links

Ramazan xərcinin 35 faiz artacağı güman edilir


Ərzaq. Arxiv
Ərzaq. Arxiv

Aprelin 2-də Ramazan ayı, orucluq başlayır. Bəs son bir ildə Ramazan süfrəsində ən çox istifadə edilən ərzaqların qiymətlərində nə qədər bahalaşma var? Bu il süfrədə ötən illə müqayisədə qıtlıq gözlənirmi?

"Xurmanın, yağın, çörəyin qiymətlərində..."

Bakı sakini Elşən Əliyev AzadlıqRadiosuna deyib ki, ötən ildəki kimi, bu il də ailəsi ilə birlikdə oruc tutacaq. Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə bəzi məhsullarda ciddi artım olduğunu deyir: "Xurmanın, yağın, çörəyin qiymətlərində ciddi artım var. Bəzi məhsullar 80-90 faiz bahalaşıb. Ümumilikdə götürəndə isə qiymətlərdə 25-30 faiz artım var. Ötən il ay ərzində ailə oruc tutduğundan ərzağa 500 manat civarında pul xərcləmişəmsə, bu il həmin xərc 700-750 manat olacaq".

"İndiki qiymətlərlə bunu etmək çox çətindir"

Onun sözlərinə görə, qiymətlər artdığına görə məcbur olub öz rasionundan müəyyən ərzaqları çıxaracaq və ya onları daha az keyfiyyətli ərzaqlar ilə əvəzləyəcək: ​"Amma bu da orqanizmə ziyandır, çünki oruc tutan adam sağlam və yaxşı qidalanmalıdır. Səhər elə yeməkləri yemək lazımdır ki, həm gün ərzində mədəni incitməsin, nə də susuzluq yaranmasın. İndiki qiymətlərlə isə bunu etmək çox çətindir".

Azərbaycan Dövlət Statistika Komitəsi isə bu il martın əvvəlində açıqlayıb ki, ölkədə ərzaq 18 faizə yaxın bahalaşıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də "Turan"a bildirib ki, Ramazan ayının ən vacib məsələlərdən biri gündəlik bayram süfrəsinin təşkil olunmasıdır: "Ramazan ayı bütün müsəlmanlar üçün müqəddəs, gözəl bir aydır və həmin ay ərzində süfrənin təşkil edilməsi çox vacib məsələdir. Amma dünyada baş verən gərgin münasibətlər, xüsusilə Rusiya-Ukrayna münasibətləri dünya iqtisadiyyatında da xoşagəlməz hadisələri müşahidə etməyə imkan verir".

"Azərbaycanda qıtlıq və kəskin bahalaşma olmayacaq"

Deputatın deməsinə görə, o baxımından müəyyən bahalaşma bu il qaçılmazdır: "Dünyada baş verən bahalaşma, inflyasiya bizə də təsir göstərir. Amma düşünürəm ki, Azərbaycanda qıtlıq və kəskin bahalaşma olmayacaq".

İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna xatırladıb ki, rəsmi statistikaya görə, ərzaq 17 faiz civarında bahalaşıb: "Amma qeyri-rəsmi statistika təxminən 30 faiz ətrafında bahalaşmanın olduğunu deməyə əsas verir".

"Bu iki faktoru nəzərə alsaq…"

Ekspertin sözlərinə görə də, Ramazan ayı dövründə xüsusi ərzaq növlərinə tələbat artır: "Bu kimi hallarda əlavə qiymət artımı təzyiqləri formalaşır. Ramazandan danışırıqsa, hər növbəti il Ramazan dövrü 10 gün irəliyə çəkilir. Xüsusilə də kənd təsərrüfatı təyinatlı ərzaq məhsullarının mövsümündən nisbətən uzaqlaşdıqca, Ramazanın bir vətəndaş üçün xərcləri də artır. Çünki qeyri-mövsüm dövrlərində kənd təsərrüfatı təyinatlı ərzaq məhsulları daha baha olur".

O qeyd edib ki, bu il Ramazan ayı yazın başlanğıcına təsadüf edib: "Növbəti illərdə bu, qış aylarına doğru gedəcək və bahalaşma prosesi davam edəcək. Üstəgəl, müşahidə olunan inflyasiya da təsirini göstərir. Bu iki faktoru nəzərə alsaq, ötən illə müqayisədə bir nəfər üçün Ramazan xərcinin 32-35 faiz arta biləcəyini demək mümkündür".

XS
SM
MD
LG