Accessibility links

“Azadlıq” qəzetinin redaktor əvəzi istintaqa çağırılıb


Azadlıq qəzetinin baş redakorunun birinci müavini Rahim Hacıyev
Azadlıq qəzetinin baş redakorunun birinci müavini Rahim Hacıyev

Sentyabrın 9-da “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini (baş redaktor əvəzi) Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Rahim Hacıyevin özü məlumat verib.

O deyib ki, müstəntiq zəng edərək istintaqa dəvət edib. Rahim Hacıyev idarəyə şahid qismində dəvət edildiyini bildirib.

“Azadlıq” qəzetinin maliyyə direkoru Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli ittihamı qəbul etmir və "gülünc" adlandırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fətullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Xatırladaq ki, “Azadlıq“ qəzetinin indiyədək bir neçə əməkdaşı da istintaqda şahid qismində dindirilib.

XS
SM
MD
LG