Accessibility links

“Cəzasızlığa son!” Yazıçı Rafiq Tağının qətlindən bir il keçir [Video & Audio]


Cəzasızlığa son! Rafiq Tağının qətlindən bir il keçir
please wait

No media source currently available

0:00 0:07:45 0:00

Cəzasızlığa son! Rafiq Tağının qətlindən bir il keçir

Yazıçının qatilləri hələ də tapılmayıb. Ailə üzvləri qətlin üstünün açılacağına inanmır. “Daha sükut olmayacaq. Bu daha yəqindir. Azad sözü susdurmaq mümkün deyil”

Azərbaycanda jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıq atmosferi hökm sürür, bu da mətbuatda və cəmiyyətdə özünü senzuraya, habelə azadlıqların daha çox boğulmasına, fərqli düşünənlərin təqibinə gətirib çıxarır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda təşkil edilmiş “Qanunsuzluğa son qoymağın vaxtı çatıb” mövzusunda dəyirmi masada səslənən əsas fikir bundan ibarət olub.

Tədbir noyabrın 23-də qeyd edilən Beynəlxalq Cəzasızlığa qarşı Mübarizə Gününə həsr olunub. RATİ direktoru Emin Hüseynov qeyd edib ki, bu beynəlxalq gün bir il əvvəl təsis edilib və təsadüfdən məşhur azərbaycanlı publisist Rafiq Tağının sui-qəsdi ilə eyni günə təsadüf edib.

Son 7 ildə ölkədə jurnalistlərə qarşı 200-dən çox fiziki hücum faktı qeydə alınıb, onlardan ikisi həlak olub, onlarla jurnalist xəsarət alıb. Bu cinayətlərdən, demək olar ki, heç birinin üstü açılmayıb, bu da azad mətbuat düşmənlərini tənqidi səsləri batırmaq üçün jurnalistlərə qarşı yeni hücumlara təşviq edir.

Rafiq Rağının ölümündən 1 il ötür
please wait

No media source currently available

0:00 0:07:39 0:00
Direct link

Turan agentliyinin direktoru Mehman Əliyev xatırladıb ki, Beynəlxalq Cəzasızlığa qarşı Mübarizə Günü 2009-cu ildə Filippində jurnalistlərin kütləvi qətlləri ilə bağlı qeyd edilir.

O, bu qərarın “gecikmiş” olduğu barədə fikir bildirib.

“Bəlkə beynəlxalq diqqəti jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıq problemlərinə çəkmək üçün bu günü 20 il əvvəl təsis etmək lazım idi?

Hakimiyyət bütün bunlarda jurnalistləri təqsirli bilir, xoşagəlməz halların onlardan qaynaqlandığını düşünür. Lakin jurnalistlər hadisə yaratmır, sadəcə onları işıqlandırır, hətta bəzən baş verəcək hadisələr barədə xəbərdarlıq edir. Onları dinləsəydilər, bəlkə də bir çox mənfi proseslərdən uzaq olmaq olardı”, deyə Əliyev bildirib.

Mətbuata təzyiqlərə son qoyulmur, baxmayaraq ki, artıq KİV-in 99%-i hökumətin nəzarəti altındadır. Müşahidəçilər son vaxtlar İnternetdə siyasi materialların altında şərhlərin azaldığını qeyd edir ki, bu da hakimiyyətin on-line nəşrlərə və sosial şəbəkələrə təzyiqinin göstəricisidir.

Rafiq Tağının qətlinə gəlincə, jurnalistlərin preventiv reaksiya qrupu özü tədqiqat aparıb. Qrupun gəldiyi nəticəyə görə, istintaq qatilin müəyyən edilməsi və tutulması, həkimlər isə Tağının həyatının qorunub saxlanması üzrə lazımi tədbirlər görməyib.

Qətlin motivlərinə gəlincə, Əliyev cinayətin diffamasiya haqqında qanunun qəbulu məsələsi müzakirə edildiyi, ATƏT-in hökumətlə fəal dialoq apardığı zaman törədildiyinə diqqət çəkib.

“Hakimiyyətdəki maraqlı qüvvələr Tağının qətlindən növbəti dəfə “cəmiyyətin diffamasiya haqqında qanunun qəbuluna hazır olmadığını və əks halda jurnalistlərlə bu şəkildə hesablaşmalar başlayacağını” bəyan etmək üçün istifadə etdi”.

Əliyev xatırladıb ki, 2006-cı ildə Tağının həbsi də islamçılar tərəfindən hədələrlə əlaqədar onun təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirilmişdi.
Azad mətbuata qarşı hücumların növbəti qurbanı hökumətyönümlü KİV-də mənəvi təzyiqlərə və şəxsi həyatına müdaxilələrə məruz qalan Xədicə İsmayılova oldu. Bu təxribatlara qarşı mübarizə üzrə ictimai həmrəylik azad mətbuata növbəti təzyiqlər dalğasının qarşısını aldı.

“Düşünürəm ki, biz bu mərhələni ən az itkilərlə geridə qoyduq”, deyən Əliyev qarşıda duran 2013-cü il prezident seçkiləri ilə əlaqədar mətbuata qarşı yeni təzyiqlər olacağı ehtimalını istisna etməyib.

O, jurnalistləri, blogerləri, sosial şəbəkələrin fəal istifadəçilərini söz və ifadə azadlığına qarşı hücumlara qarşı birgə etiraz etmək üçün səfərbərliyə çağırıb.

“Gələn il çox çətin olacaq”, deyən Əliyev bu dövrdən sonra müsbət dəyişikliklər olacağı ilə bağlı nikbinlik ifadə edib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Tağının vəfatının ildönümünə toxunaraq, onun həmkarlarının və cəmiyyətin biganəliyinin qurbanı olduğu barədə fikir bildirib.
“Rafiq Tağıya geniş dəstək və həmrəylik kampaniyası olsaydı, kliniki mərkəzin həkimləri bu qədər səhlənkar olmazdı, istintaq isə cinayəti ciddi şəkildə araşdırardı”.

O, hakimiyyət dəyişsə belə, Tağının və Elmar Hüseynovun qətlinin üstünün nə vaxtsa açılacağına şübhə ifadə edib.

Jurnalist Xədicə İsmayılova hesab edir ki, jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasının səbəblərindən biri təkcə hakimiyyət tərəfindən deyil, cəmiyyətin müxtəlif qrupları tərəfindən də dözülməzlikdir.

“Xüsusən, Tağın məsələsində bu cinayəti hansı qüvvələrin törətməsindən asılı olmayaraq, onu hücumun hədəfi seçən İran ayətullaları, habelə Azərbaycanda Tağıya qarşı təzyiq və hədələri dəstəkləyən islamçılar təqsirlidir. Bu, Tağının qətlinə bəraət verilməsi üçün əsas verirdi”. Bu zaman İsmayılova bütün müsəlmanları deyil, radikalları nəzərdə tutduğunu qeyd edib.

İslamçıların hədələri həmçinin özünü senzuraya şərait yaradır, bəzi siyasi qüvvələrin əlində alət olur. Bununla belə, İsmayılova qeyd edib ki, ona qarşı təxribat törədildiyi zaman İslam Partiyası, Nardaran ağsaqqalları və DEVAMM dini hüquqları müdafiə təşkilatı bunu pisləyib.

Vaxtilə onlar Rafiq Tağıya qarşı təzyiqləri də pisləsəydilər, bu cinayətin təşkilatçıları qətli törədə bilməzdi, İsmayılova belə hesab edir.

İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı iş üzrə istintaqa gəlincə, o bildirib ki, araşdırma ilə bağlı xülyalara dalmırdı.

“Mənim məqsədim öz araşdırmamı aparmaq, yalanları ifşa etmək və onları bütün dünya qarşısında biabır etmək, ümumiyyətlə belə bir addımı atdıqları üçün peşman etməkdir”, deyə İsmayılova bildirib.

O, həmkarları ilə birlikdə mənzilində videokameraların yerləşdiyi yerləri, məftilləri müəyyən edib, onları çəkən telefon ustasını tapıb və o, gizli kameraların quraşdırılmasını tapşıran şəxsin adını açıqlayıb. İndi istintaq bu insanı tapmalıdır.

Amerika məhkəmələri vasitəsilə İnternetdə videonu yayanları müəyyən etməyə imkan verən zəruri məlumat əldə olunub.

Görüşün yekunlarına görə hakimiyyətə jurnalistlərə qarşı bütün cinayətlərin üstünü açmaq, onlara qarşı təzyiq və hədə-qorxu kampaniyasına son qoymaq, 9 jurnalisti və 3 vətəndaş cəmiyyəti fəalını dərhal həbsdən azad etmək tələbi yer alan bəyanat qəbul edilib.

Öz növbəsində Rafiq Tağının qardaşı İlqar Tağıyev və jurnalist Xədicə İsmayılova Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Rafiq Tağının qətlinin sifarişçilərinin və icraçılarının tapılacağına inanmırlar.

“Azərbaycan istintaq orqanı Rafiq Tağının qatillərini və sifarişçilərini tapacağına biz inanmırıq. Ümidimiz yalnız Avropa İnsan Hüquqları Məhkəməsinədir. Yaxın zamanda istintaqın hərəkətsizliyi ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyik”, - deyə İlqar Tağıyev bildirib.

Xanım İsmayılova hesab edir ki, 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətli medianın özünü senzurasına hesablanmışdı, Rafiq Tağının qətli isə tənqidi səslərin susdurulmasına hesablanıb.

“Ancaq, sosial medianın, internetin inkişaf dövründə azad səsləri susdurmaq mümkün deyil. İnanmıram ki, bundan sonra hər hansı qətl azad sözün qarşısını ala bilsin. Daha sükut olmayacaq. Bu daha yəqindir”, o qeyd edib.

Həm İlqar Tağıyev, həm də Xədicə İsmayılova deyib ki, Rafiq Tağını hədəfə İran ayətullaları çevirib.

Müsahiblərin hər ikisi qətlin üstünün açılmasında Azərbaycan hakimiyyətinin maraqlı görünmədiyini qeyd edib.

“Bizim yalnız qələmimiz və məhkəməyə müraciət hüququmuz var. Beynəlxalq məhkəmələrə çıxış imkanlarından da istifadə edəcəyik. Bunlardan istifadə edirik. Bir də adını çək biabır et imkanımız var. Bundan da istifadə edirik”, Xədicə İsmayılova bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG