Accessibility links

Qərb İlqar Məmmədova tam bəraət istəyir [Video]


Qərb İlqar Məmmədova tam bəraət istəyir
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Beynəlxalq ictimaiyyət bu həftə Şəki Apellyasiya məhkəməsi tərəfindən İlqar Məmmədovun azadlığa buraxılması haqda qərarı alqışlayıb, lakin hüquq müdafiəçiləri ona qarşı saxta hesab etdiklərini bütün ittihamların aradan qaldırılmasına çağırır.

Birləşmiş Ştatlar hökuməti Azərbaycanın REAL liderini azad etməsi qərarını alqışlayıb. Dövlət Departamentinin sözçüsü Heather Nauert İlqar Məmmədovun şərti azad olunması ilə bağlı bəyanatında Azərbaycanı ona qarşı bütün ittihamları aradan qaldırmağa çağırıb. O bildirib ki, İlqar Məmmədovun “məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.” ABŞ Azərbaycan rəsmilərini “fundamental azadlıqlarını icra etdiklərinə görə həbs edilmiş bütün başqa şəxsləri də azad etməyə” çağırıb.

Human Rıghts Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölümünün direktor müavini Giorgi Qoqiya Amerikanın Səsinə müsahibəsində İlqar Məmmədovun azadlıqlarına beynəlxalq normalarla əsassız məhdudiyyətlər qoyulduğunu bildirib.

”Ona qarşı bütün ittihamlar saxta idi, uydurma idi. Bu, tamamilə açıqca onun qorxudulması və Azərbaycanın siyasi həyatından kənarlaşdırılması məqsədilə edilmişdi və o, ölkədəki fəaliyyəti, siyasi fəaliyyətinə görə cəzalandırılmışdı”, deyə o bildirib.

Azad edildikdən bir qədər sonra tərəfdarları qarşısında danışan İlqar Məmmədovun özü mübarizəni davam etdirəcəyini deyib.

“Siyasi fəaliyyətimi bundan da güclü, bundan da inamlı, çünki biz indi daha çoxuq, daha güclüyük. Cumhuriyyət məramlamızı, məqsədlərimizi gerçəkləşdiməyə, qorumaq yox, gerçəkləşdirməyə çalışacağıq.”

Giorgi Qogiyanın bildirdiyinə görə, İlqar Məmmədov Azərbaycana artan beynəlxalq təzyiqlər nəticəsində azad edilib.

Onun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Heather Nauert

“Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında Avropa Məhkəməsinin qərarlarının yerinə yetirməsindən kobud şəkildə imtina edən yeganə ölkə idi ki, Nazirlər Komitəsinin digər üzvləri pozuntularla bağlı prosesə başlamaq qərarı verdi. Buna görə də Azərbaycana qarşı təzyiqlər artırdı və Azərbaycanın düzgün addım atmasının vaxtı idi”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM ) İlqar Məmmədovun iki şikayətini təmin edib.

Azərbaycan hökuməti ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Lakin Giorgi Qoqiya bildirib ki, Azərbaycanda onlarla insan hökumətin tənqidçilərinə qarşı amansız təqibləri nəticəsində həbs edilib.

“İnsan haqları müdafiəçilərinin çoxu ya əvvəl həbs edilib, ya sürgündə yaşayır. Həbsdə olan jurnalistlər var. Müstəqil mətbuat yoxdur. Yayım medaiasından söz gedə bilməz. Qeyri-hökumət təşkilatları hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərə bilmir. Müstəqil maliyyə mənbələrinə çıxışlara məhdudiyyət qoyulub. Bu, ölkədə insan haqları sahəsində davam edən böhrandır və Azərbaycan rəsmiləri buna son qoymaldır və Azərbaycanda insan haqları sahəsində vəziyyətin beynəlxalq öhdəliklərə uyğun olduğu bir səviyyəyə çatdırılması üçün konkret addımlar atmalıdır.”

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü və Avropa ilə yaxın tərəfdaşlıq əlaqələrinə malik olmaq istəyən bir ölkə kimi üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq standartlara əməl etməlidir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG