Bu gün, avqustun 15-də Qəbələ rayonu, Solquca kəndi (Bakıdan 220 kilometr qərb) yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi əməliyyatını icra edir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Son günlər havaların isti keçməsi nəticəsində Azərbaycanın müxtəlif regionlarında meşə massivlərində və otlaq sahələrində yanğınlar qeydə alınır.
Bu gün, Bakının Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.