Accessibility links

Quterreş "iki rəqib dünyanın yaranması" təhlükəsi ilə bağlı xəbərdarlıq edib


BMT-nin Baş Katibi Antonio Quterreş BMT-nin Baş Assambleyasının sessiyasında dünya ölkələrinə ABŞ və Çinin “iki ayrı və rəqib dünyalar yaratmaqla”, dünyanın ikiyə bölünmək təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

“Biz bölünmənin qarşısının alınması və universal sistemin, beynəlxalq qanuna hörmət əsasında universal iqtisadiyyatın, güclü çoxtərəfli təsisatları olan çoxşahəli dünyanın saxlanması üçün mümkün hər şeyi etməliyik”, Quterreş sentyabrın 24-də BMT-nin Baş Assambleyasının sessiyasında bildirib.

BMT-nin Baş Katibi dünya liderlərinə planetin iqlim böhranı, terrorizmin yayılması, qeyri-bərabərliyin artması və İran Körfəzi regionunda həyəcan doğuracaq həddə münaqişə perspektivləri ilə qarşılaşdığını deyib.

Quterreş dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizədə məğlub olduğunu, lakin bu qlobal fenomenin təsirlərinin dəyişdirilməsi səyləri üçün hələ də vaxt olduğunu bildirib.

“Biz indiyə qədər görünməmiş temperatur, fasiləsiz fırtınalar, danılmaz elmin şahidiyik. Dünya qazıntı yanacaq növlərindən uzaqlaşaraq, yaşıl iqtisadiyyatın imkanlarına doğru kifayət qədər sürətlə olmasa da, lakin düzgün istiqamətdə hərəkət etməyə başlayıb” – deyə, Quterreş bildirib.

BMT Baş Katibi “iqlim böhranı” adlandırdığı problemin həlli yollarının bazar ertəsi BMT-nin İqlim sammitində müzakirə edildiyini deyib. O, dünya liderlərinin “temperaturun artmasının 1.5 dərəcə səviyyəsində qalması və 2050-ci ilə qədər karbon neytrallığı əldə etmək” üçün həll yollarını genişləndirməsinin vacibliyini vurğulayıb.

“Mənim nəslim bizim planetimizi qorumaq kimi məsuliyyətini yerinə yetirə bilməyib. Bu, dəyişməlidir”, Antonio Quterreş deyib.

BMT-nin Baş Katibi qazıntı yanacaq növlərindən istifadənin azaldılması və yeni istilik elektrik stansiyalarının inşasına son qoyulmasına çağırıb.

BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş sammitinin gündəliyində yenilənən enerji mənbələrinə keçid, təbii fəlakətlərin qarşısının alınması və onlara cavab, eləcə də iqlim sahəsində maliyyələşdirilmə məsələləri müzakirə ediləcək.

XS
SM
MD
LG