“AzTV- Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (dövlət televiziyası) sədri Arif Alışanov şərəf və ləyaqətinin tapdanması iddiası ilə məni məhkəməyə verir”, tanınmış teleaparıcı, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Qulu Məhərrəmli Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, AzTV sədri bununla bağlı xüsusi ittiham qaydasında cinayət işi açılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
“A.Alışanov mənim Cinayət Məcəllləsinin 147.1-ci (böhtan) və 148.1-ci maddələrilə məsuliyyətə cəlb edilməyimi istəyir, bu maddələrdə şəxsin azadlıqdan məhrum edilməsi cəzası da nəzərdə tutulur”, Q.Məhərrəmli bildirib.
Onun fikrincə, Az.TV sədrinin bu addımı atmasına səbəb Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı moderator.az saytına müsahibəsində tənqidi fikırlər səsləndirməsidir.
“Alışanovun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahıbəmdə Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm, bu gününə nəzər salmışam, yaxşısı-pisi barədə mülahizələrimi söyləmişəm, təhlükəli saydığım tendensiyaları göstərib, bunları doğuran bəzi səbəblər haqqında danışmışam”, Q.Məhərrəmli qeyd edib.
Q.Məhərrəmliyə görə, ictimai nəzarətin bir üsulu kimi tənqid görünür AzTV-də hələ yaxşı başa düşülmür və haqqında söhbət gedən tənqiddən sonra A.Alişanovun atdığı impulsiv addımlar tutduğu vəzifənin məsuliyyətini lazımınca dərk etməməsini göstərir.