Mingəçevir İstilik Elektrik Stansiyasında iyulun 2-də və 3-də baş vermiş qəza nəticəsində enerji sektorunda böhran yaranıb, elektrik enerjisinin verilməsində saatlarla fasilələr olub, çoxsaylı insanlar metro tunellərində qatarlarda qalıb, sənaye müəssisələri dayanıb. Qəza nəticəsində iqtisadiyyata və insanlara böyük miqdarda ziyan dəyib. Qəzadan sonra məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılıb. İyulun 4-də ölkə prezidenti enerji sahəsində yaranmış problemlə bağlı müşavirə keçirib. İqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinin “Amerika icmalı” proqramında Mingəçevir İstilik Elektrik Stansiyasında qəza, onun səbəbləri və nəticələrini şərh edib.
Əsas səbəb pis idarəçilikdir
“Söhbət bu sektorun, enerji bölməsinin idarəçiliyinin düzgün təşkil olunmaması və eyni zamanda, bu bölmədə indiyə qədər elan olunmuş, indiyə qədər təqdim olunmuş və görülmüş işlərlə bağlı məlumatların həqiqətən reallığı əks etdirməməsidir. Məsələn, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası var idi və onların ümumi potensialı 3900 meqabayta bərabər idi. Amma son 14 ildə verilən məlumata görə, 30 elektrik stansiyası tikilib. Hər birinin də generasiya gücü 2500 meqabaytdır. Bu qədər imkanlar olan yerdə, bu qədər elektik stansiyalarının yeni istehsal güclərinin işə salındığı bir zamanda təbii ki belə bir hadisənin baş verməsi yalnız və yalnız idarəçiliklə bağlıdır. Bir də onunla bağlıdır ki, verilmiş məlumatlar gerçəkliyi əks elətdirmir.”
Alternativ enerji mənbələri
“Dövlət siyasətində xüsusi yanaşma tələb edilir. Xüsusilə də bu sahəyə sərmayə cəlb olunması üçün müəyyən stimullaşdırmaya ehtiyac var və eyni zamanda sərmayənin təşviqi siyasəti həyata keçirilməlidir. Çünki indiki halda bu sahə kommersiya baxımından o qədər də cəlbedici deyil. Yəni bu istiqamətə, sərmayələrə cəlb etmək digər sektorlarla eyni investisiya mühiti təqdim olunacaqsa demək olar ki mümkün olmayacaq. İndiki halda da Azərbaycanda həm alternativ, həm də bərpa olunan enerji üzrə dövlət agentliyi fəaliyyət göstərir. Burada əsas sərmayələr demək olar ki dövlət sərmayələridir. Özəl sərmayələrin cəlb edilməsi istiqamətində isə hesab edirəm ki, əhəmiyyətli işlər görülməlidiir. Onlara vergi güzəştləri verilməlidir, onlara gömrük fəaliyyəti ilə bağlı tariflərdə müəyyən güzəştlər tətbiq olunmalıdır və ümumiyyətlə, onlar tariflər, gömrük rüsumlarından azad olunmalıdır.”
“Azərenerji”nin maliyyə sağlamlaşdırılması
“Mən fikirləşirəm ki, ilk növbədə “Azərenerji”nin maliyyə sağlamlaşdırılması proqramı olmalıdır və bu maliyyə sağlamlaşdırılması proqramı təbii ki, onun borclarının daha düzgün, daha səmərəli idarə edilməsinə xidmət etməlidir. “Azərenerji”nin strukturları bilirsiniz ki, çoxdur. “Azərenerji”də istehsal da var, eyni zamanda, satış da var, paylaşdırma da var. Bu baxımdan, “Azərenerji”nin instehsal strukturunu dövlətin mülkiyyətində saxlamaqla, dövlətin inhisarında saxlamaqla digər “Azərenerji”nin strukturlarını özəlləşdirməyə ehtiyac var və yaxud da onu uzunmüddətli idarəçiliyə vermək lazımdır.
Bu qədər imkanlar olan yerdə, bu qədər elektik stansiyalarının yeni istehsal güclərinin işə salındığı bir zamanda təbii ki belə bir hadisənin baş verməsi yalnız və yalnız idarəçiliklə bağlıdır.
Çünki indiki halda “Azərenerji” bir tərəfdən böyük dövlət vəsaitləri hesabına, subsidiyalar hesabına Azərbaycan büdcəsi üçün yükdür, digər tərəfdən isə “Azərenerji” həm də xarici öhdliklərinin artdığı bir zamanda son nəticədə onu ödəmə qabiliyyətinə malik olmaması səbəbindən həm də bu öhdəliklərin son nəticədə dövlət büdcəsindən həyata keçirilməsinə şərait yaradır. Yəni indiki halda hesab edirəm ki, bu şirkətin ilk növbədə ciddi şəkildə maliyyə sağlamlaşdırılması proqramı hazırlanmalıdır, texniki auditi aparılmalıdır. Bütün istehsal gücləri yenidən yoxlanmalıdır, qiymətləndirilməlidir və istehsal güclərinin indiki faktiki səviyyəsi ilə onun indiyə qədər əlavə güclər hesabına artırılması və digər istiqamətlərdə sərmayə qoyuluşları arasındakı düzgün, gerçək vəziyyəti xarkterizə edən texniki auditin nəticələri müzakirəyə çıxarılmalıdır. Bu sistemi uzunmüddətli dövrdə sağlamlaşdırmaq üçün bu sistemdən dövlət əlini götürməlidir."