Accessibility links

Qubad İbadoğlu: Post-neft dövründə iqtisadiyyatın liberallaşdırılması istiqamətində islahatlar keçirilməlidir [Video-müsahibə]


Qubad İbadoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Nazirlər kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında müzakirə olunan məsələlərə münasibət bildirib. Qubad İbadoğlu Amerikanın Səsinə Skype müsahibəsində müşavirədə diqqəti çəkən əsas məqamlardan danışıb, Azərbaycanda post-neft dövrü iqtisadi inkişafın əsas istiqamətləri ilə bağlı fikirlərini paylaşıb.

Əsas məqamlar və tövsiyələr

“Əvvəla, mən qeyd eləmək istəyirəm ki, bu müşavirədə diqqəti iki məqam çəkdi. Bir, büdcə vəsaitlərdən qənaətlə istifadən olunması, ikincisi isə sahibkarlar üçün daha əlverişli fəaliyyət mühitinin formalaşdırılması. Hesab edirəm ki, bu yanaşmalardan biri dövlət büdcəsinin gəlirləri ilə bağlıdır. İkincisi isə dövlət büdcəsi xərcləri daha səmərəli istiqamətə yönələ bilər. Hər halda, yanaşma olaraq mən onu düzgün dəyərləndirirəm. İndi Azərbaycanda demək olar ki, yeni bir iqtisadi mühit yaranıb və bu iqtisadi mühitdə həm biznes, həm də istehlakçılar əvvəlki davranışlarından imtina etməli və yeni iqtisadi mühitə uyğun olaraq qərarlar qəbul etməlidirlər.

Vəziyyət elədir ki, indi biz məhdud imkanlar səviyyəsində sonsuz istəklərimizi necə uzlaşdırmaqla bağlı bir siyasət yeritməliyik. Çünki bizim kifayət qədər böyük büdcəmiz olub. Büdcə vəsaitləri illərlə, xüsusilə də investisiya istiqamətlərindən yönəldilib. Müəyyən istiqamətlərdə isə demək olar büdcə xərclərinin biz izafi olaraq, artıq olaraq maliyyəşdirilməsinə imkan vermişik. İndi isə bunlar hamısı ixtisar olunmalıdır və yeni büdcə əvvəlki ilin büdcəsi ilə müqayisədə təxminən 25 faiz və 4,8 milyard manat az olaraq icraya təqdim olunur və bu halda təbii ki, yeni iqtisadi mühitdə, yeni büdcə ilində yeni yanşmaya ehtiyac var.

"İndi Azərbaycanda demək olar ki, yeni bir iqtisadi mühit yaranıb və bu iqtisadi mühitdə həm biznes, həm də istehlakçılar əvvəlki davranışlarından imtina etməli və yeni iqtisadi mühitə uyğun olaraq qərarlar qəbul etməlidirlər."-Qubad İbadoğlu

Mənim tövsiyələrim ondan ibarətdir ki, əvvəla, büdcənin izafi xərclərinin, yəni büdcənin artıq olan və o xərclər ki həqiqətən də ixtisar olunanda əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək, kimsə iş yerini itirməyəcək, kimsə əmək haqqının azalması ilə rastlaşmayacaq, o xərcləri ixtisar eləmək lazımdır. Belə xərclər xüsusilə dövlət idarəetmə aparatının saxlanılmasında daha çoxdur və ilk tövsiyəm ondan ibarətdir ki, dövlət idarəetməsinin saxlanılması ilə bağlı kifayət qədər artıq xərclər var. Bu xərclər idarəetmə aparatında nəqliyyat vasitələrinin maliyyəşləşdirilməsinə yönəldilib, onun alınmasına yönəldilib, eyni zamanda inzibati binanın təmin xərclərinə büdcədən xeyli vəsait ayrılır, əlavə olaraq, ezamiyyət xərcləri, telefon danışıqları və digər belə cari ödənişlər də idarəetmə aparatının saxlanılmasında əhəmiyyətli yer tutan xəclərdəndir.

İlk növbədə, hesab edirəm ki, hər bir xərc maddəsi üzrə belə istiqamətləri bir daha nəzərdən keçirib çalışmaq lazımdır ki, daha rasional xərc siyasəti yeridək, çünki əks təqdirdə, bizim gəlirlərimiz gələn il üçün olan xərclərimizi maliyyələşdirmək imkanına malik olmayacaq. Amma biz xərclərimizi sonsuzluğa doğru qənaətə gətirə bilmərik. Yəni xərcləri sonsuzluğa doğru rasionallaşdıra bilmərik. Ona görə çalışmaq lazımdır ki, eyni zamanda, xərclərin rasionallaşdırılması ilə yanaşı, gəlirlərin artımına nail olaq. Gəlirlərin də əsas hissəsi bilirsiniz ki, neft fondundan tranferlər hesabına formalaşırdı. İndi növbəti il üçün biz onu demək olar ki bu ilin proqnoz göstərici ilə müqayisədə iki dəfəyə yaxın azaltmalıyıq və bu o deməkdir ki, yeni maliyyə mənbələrinə ehtiyac var. Yeni maliyyə mənbələri ilə bağlı mənim tövsiyəm ondan ibarətdir ki, biznesə əlverişli mühit yaratmaqla, eyni zamanda, ölkəyə birbaşa xarici investisiyanın daxil olması imkanlarını genişləndirməklə nail olmaq olar. Bu təbii ki bir sıra ciddi tədbirlərin qəbul olunmasını zəruri edir. O cümlədən, inhisarçılığa qarşı mübarizə güclənməlidir, korrupsiya ilə mübarizə güclənməlidir.

“Post-neft dövrü artıq başlayıb, çünki ən azı bir müqayisə edim. Bu ilin büdcəsini 90 dollardan götürmüşdüksə, növbəti ilin büdcəsini 50 dollardan planlaşdırırıq."-Qubad İbadoğlu

Mənim təkliflərimdən biri də ondan ibarətdir ki, yeni iqtisadi şəraitdə həm də vergi amnistisiyasına getmək olar, çünki indi halda sahibkarların ən böyük problemləri məhz vergi-borc öhdəlikləri üzərində yaranıb və bu dəqiqə Azərbaycanda sahibkarlarla vergilər nazirliyi arasında məhkəmə çəkişmələri var və bu getdikcə daha dah genişlənir və son nəticədə kiçik və orta sahibkarların fəaliyyət imkanlarını məhdudlaşdırır.”

Post-neft dövrü iqtisadiyyatın əsas istiqamətləri

“Post-neft dövrü həqiqətən də artıq başlayıb, çünki ən azı bir müqayisə edim. Bu ilin büdcəsini 90 dollardan götürmüşdüksə, növbəti ilin büdcəsini 50 dollardan planlaşdırırıq. Bu o deməkdir ki, həqiqətən artıq bizim yeni dövrümüzdə neftin əvvəlki gəlirlərindən istifadə imkanları məhduddur və yeni dövrdə, post-neft dövründə çalışmalıyıq ki, qeyri-neft sektorunun inkişaf imkanlarına daha geniş şərait yaradaq və qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaları artıraq. Bu istiqamətdə hesab edirəm ki, reformalar olmalıdır. İlk növbədə, iqtisadiyyatın liberallaşdırılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Yəni açıq ticarət, eyni zamanda liberal iqtisadiyyat modeli Azərbaycanın indiki iqtisadi şəraitinə daha çox uyğun gəlir və bu ölkəyə investisiyaların cəlb edilməsini şərtləndirə bilər.

Bilirsinizmi, Davos İqtisadi Forumunun apardığı tədqiqatlara görə, Azərbaycan qlobal rəqabətlilik reytinqində dünyanın 40-cı ölkəsi oldu. Bu o deməkdir ki, dünyada ən çox rəqabətə davamlı 40 ölkədən biridir. Azərbaycan gərək bu nəticədən faydalana bilsin. Yəni Azərbaycan həqiqətən də əgər dünyanın 40 ən rəqabətli ölkəsi siyahısındadırsa, həqiqətdə Azərbaycanın daxili biznes mühitində də rəqabətli şərait yaradılmalıdır. Ona görə əsas istiqamətlərdən biri inhisarçılığa yox, korrupsiyaya yox və eyni zamanda, liberal iqtisadi və açıq ticarət modeli əsasında ölkənin mümkün resurslarından çalışıb dövlət büdcəsi çərçivəsində istifadə etmək lazımdır.

Xarici investisiyaların axınını necə təmin etmək mümkündür?

“İlk növbədə, xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının qanunu təkmilləşdirilməlidir. Həmin qanun 1992-ci ildə qəbul edilib və bu qanun kifayət qədər əlavə dəyişikliklərə məruz qalsa, bütövlükdə hazırkı dövrün tələblərinə cavab vermir. Çünki o qanunda xarici investorlar üçün daha ciddi təzminatlar nəzərdə tutulmalıdır. Mən güzəştlərdən danışmıram. Onları təşviq edən maddələr, istiqamətlər o qanunda öz əksini tapmalıdır. Bu gün Azərbaycanda investoru qorumaq üçün ilk növbədə əlverişli və liberal bir şərait formalışdırılmalıdır. Yəni investor bilməlidir ki, qoyduğu hər hansı bir sərmayənin dövlət tərəfindən təminatı var və bu sərmayə hansısa dövlət orqanlarının fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində onun əlindən alınmayacaq, onun mülkiyyəti müsadirə olunmayacaq və eyni zamanda o, dövlət büdcəsi qarşısında qanunla ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirəcək. Ona görə hesab edirəm ki, ilk növbədə, məhz o qanunverici bazanın təkmilləşdirilməsindən başlamaq lazımdır. Bizdə iki qanun var: investisiyalar haqqında qanun var, xarici investorların qorunması haqqında qanun var.

"Yəni investor bilməlidir ki, qoyduğu hər hansı bir sərmayənin dövlət tərəfindən təminatı var və bu sərmayə hansısa dövlət orqanlarının fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində onun əlindən alınmayacaq, onun mülkiyyəti müsadirə olunmayacaq və eyni zamanda o, dövlət büdcəsi qarşısında qanunla ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirəcək."-Qubad İbadoğlu

Mən hesab edirəm ki, bu qanunlar birləşməlidir, vahid bir investisiya fəaliyyətini tənzimləyən məcəllə formasında yeni bir qanun qəbul olunmalıdır. Həmin qanun da əsas istiqamətlərdən biri məhz xarici investorlarla daxili inestorlar arasındakı ayrı-seçkiliyin, fərqin aradan qaldırılması, onlara bərabər start şəratinin yaradılması və eyni zamanda, onların həm sərmayəsi, həm də əldə etdiyi gəlirlərin üzərində sərəncam vermək hüququnun, sərbəst şəkildə ondan istifadə etmək hüququnun həmin qanunda təsbit olunması olmalıdır. Bununla yanaşı, hesab edirəm ki, xarici investorların Azərbaycana gəlməsi üçün müəyyən institusional işlər də görülməlidir və bu istiqamətdə biz çalışmalıyıq ki, ölkənin beynəlxalq reytinq qabiliyyətini yaxşılaşdıraq. Çnki xarici investorların Azərbaycana gəlməsi məhz kifayət qədər nüfuzlu təşkilatların, o cümlədən, Goldman Sachs və Fitch agentliklərinin Azərbaycanın investisiya və kredit reytinqləri ilə bağlı açıqladığı hesabatlar əsasında baş verir.

Ona görə Azərbaycan çalışmalıdır ki, onun investisiya və kredit reytinqlərini zədələyən hər hansı ibr fəaliyyəti həyata keçirməsin. Bu baxımdan mən düşünürəm ki, xarici investor Azərbaycana, xüsusilə də qeyri-neft sektoruna gətirilə bilər və qeyri-neft sektorunda xarici investorun bu gün Azərbaycan üçün qoyduğu sərmayə bəlkə də beş il bundan əvvəl qoyduğu sərmayə ilə müqayisədə daha əhəmiyyətlidir, daha vacibdir. Çünki bu gün Azərbaycanın özünün öz maliyyə ehtiyaclarını ödəmək üçün lazımi qədər resursları yoxdur. Bəzən biz hesab edirik ki, neft fondunda müəyyən ehtiyatlarımız var, biz bunu cəlb edəcəyik və problemlərimizi həll edəcəyik. Amma bu müəyyən dövr üçün problemin həllinə xidmət edə bilər, amma əgər uzun müddətli dövr üçün Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək istəyiriksə, mütləq öz qapılarımızı xarici investorlar üçün açmalıyıq və onlar üçün daha əlverişli biznes mühiti yaratmalıyıq. Və bir qrup tərəfindən başqa bir qrupun mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsinə yol verməməliyik. Ona görə kiçik və orta sahibkarlıq sinfi üçün də ciddi güzəştlər həyata keçirilməlidir və çalışmalıyıq ki, gizli iqtisadi fəaliyyətdən və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının da tam və ya qismən reallaşdırılması, bəyan edilməyən aktivlərin deportasiyasının stimullaşdırılması üçün, xaricə aparılan kapitalın geri qaytarılması üçün və getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələrinin, vergi-borc öhdəliklərinin həlli üçün indiki şəraitdə maliyyə amnistisiyasına zərurət var. Mən hesab edirəm ki, maliyyə amnistisiyasının verilməsi həm də xarici investisiyaların Azərbaycana cəlb edilməsi istiqamətində ilk addım ola bilər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG