Bu ilin əvvəli manatın devalvasiyasından sonra əmanətlərin siğortalanması vətəndaşları narahat etməklə yanaşı, iqtisadçıların da diqqət mərkəzində olan mövzudur. Belə bir şəraitdə bankların qarşılaşdığı risklərin qarşısının alınması üçün hansı addımlar atılmalıdır, pul-kredit siyasəti necə tənzimlənməlidir? “Azərbaycan Rifah və Demokratiya Hərəkatı”nın sədri, hazırda Vaşinqtonda Demokratiyaya Himayə Fondunda Reyqan-Fassel Demokratiya təqaüdçüsü, iqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə bankların problemləri və əmanətlərin qorunması, dövlət büdcəsi, dövlətin maliyyə imkanları və gəlirlərindən danışıb.
Bankların problemləri
Qubad İbadoğlu bankların qarşılaşdığı başlıca problemləri təhlil edib: “Banklar iki qrup problemlərlə qarşılaşır: bir qrup əmanətçilərlə bağlıdır, ikinci qrup isə bankların kreditlərini götürən müştərilərlə bağlıdır. Əmanətlərlə bağlı problem onunla əlaqədardır ki, manatın kəskin devalvasiyasından sonra ölkədə artıq yeni bir iqtisadi və maliyyə mühiti yarandı və Azərbaycan vətəndaşları Azərbaycan manatına etibar azaldığına görə öz vəsaitlərini, banklarda olan yığımlarını başladılar dollara çevirməyə və son statistik məlumatlara görə Azərbaycanda dollarla olan əmanətlər ümumi əmanətlərdə 70 faiz təşkil edir. Bir il bundan əvvəlki göstərici 50,4 faiz idi. Dollarla olan əmanətlərin payının kifayət qədər ciddi şəkildə yüksəlməsi müşahidə olunur. Təbii ki bu, bankların yığdıqları vəsaitləri idarə etməsilə bağlı çətinliklər yaradır. Çünki onlar dollarla vəsait yığanda təbii ki dollarla da kredit verməkdə maraqlı olacaqlar. Amma bu gün Azərbaycan vətəndaşları və ya iş adamları dollarla kredit götürməkdə maraqlı deyillər, çünki dolların məzənnəsi getdikcə möhkəmlənir. O baxımdan da manatla kredit götürməyə üstünlük verirlər. İkinci problem ondan ibarətdir ki, manatla və ya dollarla olmasından asılı olmayaraq bizim təhlükəli və eyni zamanda problemli kreditlərimizin payı ümumi kredit portfelində artır. Bu, artıq 1,2 milyard manatdan yuxarıdır. Üçüncü istiqamətdə problemlər bankların borcları ilə bağlıdır. Son məlumatlara görə Azərbaycan banklarının 6,4 milyard manat xaricdə borcları var ki, bu da onun öhdəliklərinin 22 faizini təşkil edir.”
Qubad İbadoğlu bildirib ki, çoxsayda problemlərin həlli üçün yeni təşəbbüslər üçün şərait yaranır.
Vəziyyətdən çıxış yolu
İqtisadçı ekspertin sözlərinə görə problemlərin həlli istiqamətində “vacib, təxirəsalınmaz tədbirlər” həyata keçirilməlidir: “Birinci, ondan ibarətdir ki, kreditlərin probleminin artması və onun ümumi kredit portfelində payının yüksəlməsi hesab edirəm ki, bankların müflisləşmə riskini çoxaldır. Ona görə ilk növbədə problemli kreditlərin həlli ilə bağlı bir agentlik yaradılmalıdır. Belə bir agentlik Mərkəzi Bankın nəzdində də yaradıla bilər. Bunun xüsusi nümunəsini biz Beynəlxalq Bankın özəlləşdirilməsində də görürük və Beynəlxalq Bankın problemli kreditlərinin həlli ilə bağlı yeni bir agentlik seçilibdir ki onlar bununla məşğul olacaq. Amma bu yalnız Beynəlxalq Bankın problemi deyil, bütövlükdə bank sisteminin problemidir. İkinci təklifim ondan ibarətdir ki, Azərbaycanda banklarla vətəndaşlar arasında münasibətlər kifayət qədər gərginləşməkdədir, eyni zamanda şirkətlər arasında. Ona görə hesab edirəm ki, məhz investisiyalar üzrə, kreditlər üzrə bir ombudsman institutu yaradılmalıdır ki, onlar da bu şikayətlərlə bağlı, bu müraciətlərlə bağlı iş apara bilsin və onları yığıb sistemləşdirə bilsin və bunun nəticəsində bankların problemlərinin həllində yardımçı ola bilərlər. Üçüncü təklifim ondan ibarətdir ki, necə ki şirkətlərin müflis olması haqda qanun var, digər ölkələrdə eyni zamanda, fiziki şəxslərin, vətəndaşların da müflis olması haqda qanun var. Azərbaycan vətəndaşlarının çoxu bu devalvasiyadan sonra vəsaitləri qaytarmaq iqtidarında deyil və onların gəlirləri xərclərini ödəmir. Belə halda həmin vətədaşları əlavə cərimələrlə, kreditlərin faiz dərəcələrini yüksəltməklə və digər izafi xərclərlə yükləməyə dəymir. Ona görə də hesab edirəm ki, o vətəndaşlar ki bu gün kreditləri qaytara bilmirlər, həqiqətən onların gəlirləri xərclərini ödəyə bilmir, onlar özləri məhkəməyə müraciət edib məhkəmə yolu ilə özlərini müflis edə bilərlər və müəyyən müddət götürə bilərlər. Amma bunun üçün Azərbaycanda qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir.”
Qubad İbadoğlu bildirib ki, dövlət bank sistemində gedən proseslərin sosial təsirlərini azaltmaq məsələsinə xüsusi diqqət yetirməlidir. O həmçinin qeyd edib ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycan banklarının reytinqini getdikdə aşağı salması bu bankların xarici bazara çıxıb vəsait cəlb etmək imkanlarını azaldır.
“Azərbaycanda böyük özəlləşdirmə”
İqtisadçı ekspert bu yaxınlarda sosial şəbəkələrdə “Azərbaycanda böyük özəlləşdirmə prosesi başlaya bilər” haqda açıqlamasını şərh edib: “Bu günlər Azərbaycan dövlət büdcəsinin altı aylıq yekunları ortalıqdadır və məlum olur ki, dövlət büdcəsinin gəlirləri 7,8 milyard olub və xərcləri 8,6 milyard. Altı ay ərzində 770 milyon manatda kəsir yaranıb, baxmayaraq ki xərcləri 85 faiz icra eləmişik. Bu gün gedən proseslər onu göstərir ki, ilin sonuna yəqin ki Azərbaycan dövlət büdcəsinin kəsiri ən azı 1,5 milyarddan yuxarı olacaq. Ola bilər ki, bu 3 milyarda qədər qalxsın, çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələri də əvvəlki həcmdə saxlamaq mümkün olmayacaq. Azərbaycanın mövcud qanunvericiliyinə görə bu balansdakı kəsiri iki mənbədən maliyyəşdirmək olur: biri vahid xəzinə hesabının qalığından, artıq bu qalıqdan biz istifadə etmişik, bir də ki özəlləşdirmədən daxil edilən gəlirlərdən. Başqa bir üçüncü mənbə də var, qiymətli kağızlardan gələn gəlirlər. Təəssüflər olsun ki, qiymətli kağızlardan əlavə vəsait cəlb eləmək imkanlarımız məhduddur. Ona görə də özəlləşdirmədən gələn gəlirlərdən Azərbaycanın dövlət büdcəsinin kəsirini maliyyələşdirməsi üçün bir mənbə ola bilər. Bir də səbəb də ondan ibarətdir ki, dövlət şirkətlərinin əksəriyiyəti yaxşı idarə olunmur. Pis idarəçiliyin əsas səbəblərindən biri də mülkiyyət münasibətləri ilə bağlıdır.”
Qubad İbadoğlu qeyd edib ki, özəlləşdirmə çətinliklərlə qarşılaşmış şirkətlərinin problemli borclarının həll edilməsinə yardım ola bilər. O bildirib ki, özəlləşdirmə şəffaf həyata keçirilsə və özəlləşdirmədə xarici investorların iştirakına şərait yaradılsa bu, Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına xidmət edə bilər. Onun sözlərinə görə, dövlət müəssisələrinin sağlamlaşdırılmasında özəlləşdirmə bir vasitə kimi istifadə oluna bilər.
Dövlətin maliyyə imkanları
Qubad İbadoğlu dövlətin maliyyə imkanlarının zəifləməsi ilə bağlı açıqlamaya aydınlıq gətirib: “Dövlətin maliyyə imkanlarının zəifləməsi dünya bazarında nefti qiymətinin ucuzlaşması ilə bağlıdır. Amma bu yeganə səbəb deyil. Azərbaycanda eyni zamanda neft hasilatı aşağı düşüb. Başqa bir səbəb də ondan ibarətdir ki, neftin hasilat xərcləri getdikcə artır və bu son nəticədə bizim neftdən daxil olan valyuta gəlirlərimizin azalmasına gətirib çıxarır. Dövlət Neft Fondunun ilin altı ayı üzrə yekunlarını götürsək, məlum olacaq ki, Dövlət Neft Fondu qarşısına qoyduğu büdcənin 40 faizini yığa bilib, yəni altı ayda 50 faiz deyil, 40 faizini yığa bilib. İl ərzində ən yaxşı halda 80 faizini yığa biləcək. Eyni problem dövlət büdcəsində də var. Əvvəlki kimi maliyyə imknlarımız geniş deyil, əvvəlki kimi böyük neft pulları Azərbaycana gəlmir. Deməli, yeni maliyyə, davamlı maliyyə qaynaqlarına ehtiyac var və bu yeni, davamlı maliyyə qaynaqları qeyri-neft sektorunda mümkün ola bilər. Təəssüflər olsun ki, qeyri-neft sektorunun inkişafı üçün bizdə əlverişli sahibkarlıq və investisiya mühiti olmadığından onlar da bu prosesə ciddi şəkildə töhfə verə bilmirlər. İndiki dövrdə, yaxın dövrd üçün böyük öhdəliklərimiz var. Məsələn, dövlət büdcəsi özü şişirdilmiş büdcədir. Büdcənin xərclərinin 52 faizi altı ayın yekunlarına görə cari xərclərə gedib, yəni əmək haqqına, pensiyalara, təqaüdlərə gedib. Cari xərcləri ödəmək üçün bizə 10 milyard pul lazımdır. Amma biz qeyri-neft sektorundan 10 milyard yığa bilmirik. Qeyri-neft sektorundan ən yaxşı halda 6 milyard, 7 milyard pul gəlir. Deməli, biz elə bir büdcə formalaşdırmalıyıq ki, ən azı bizim qeyri-neft sektoruna daxil olan vəsaitimiz bizim cari xərclərimizi maliyyələşdirə bilsin və onun üçün də dövlət maliyyə sistemində də islahatlara geniş yer verilməlidir.”
İran neftinin bazara çıxarılması perspektivi
Qubad İbadoğlu Qərb və Tehran arasında nüvə razılığının əldə edilməsindən sonra İran neftinin dünya bazarına çıxarılması perspektivinin Azərbayana və regonun enerji layihələrinə mümkün təsirlərini şərh edib: “Bunun bir neçə istiqamətdə təsirləri ola bilər. Əvvəla, bir istiqamət ondan ibarətdir ki, dünya bazarında qiymət dəyişikliyinə gətirib çıxaracaq, qiymətlərin azalmağa doğru dəyişməsi son nəticədə Azərbaycanın valyuta gəlirlərinin aşağı düşməsinə şərtləndirəcək. Amma dünya bazarında neftin ucuzlaşmasının yeganə səbəbini mən İranla bağlamıram. Elə Birləşmiş Ştatlarda hər il demək olar neft idxalı aşağı düşür. Çünki bu ölkədə yeni texnologiyalar tətbiq olunur, alternativ enerji mənbələrinə çıxış imkanları getdikcə genişlənir, yəni dünya iqtisadiyyatının əvvəlki qədər neftə tələbatı yoxdur. Son məlumatlara görə dünya bazarında ən azı hər gün 1,5 milyard barrel təklif tələbi üstələyir. Bu, bütövlükdə qlobal səviyyədə neft ixrac edən ölkələrə təsir içərisində Azərbaycanın bir təsiri olduğunu deməyə əsas verir. Amma İran bizim qonşu ölkədir. Yeni açılacaq bazarları olacaq. Bir neçə illik sanksiyalardan sonra görürüsünüz ki Avropanın da marağı artıb. Bu, regionda investisiyaların bir növ axmasına şərait yarada bilər və Azərbaycanın da bu prosesdən kənara qalması hesab edirəm ki, onun nə strateji maraqlarına, nə iqtisadi mənafelərinə uyğundur. Digər bit tərəfdən, hesab edirəm ki, İranın iqtisadiyyatına qoyulan sanksiyaların aradan qaldırılması İran iqtisadiyyatının güclənməsinə və eyni zamanda bilirsiniz ki, İranla Ermənistan arasındakı investisiya əməkdaşlığının, xarici ticarət əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracaq və bu da Azərbaycanın maraqlarına uyğun deyil. Bu baxımdan, deyə bilərəm ki, İran iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması İran daxili həm də repressiyaların güclənməsinə gətirib çıxara bilər ki, bu da orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması istiqamətində İran rejiminin imkanlarının genişlənməsi deməkdir.”