İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə 2021-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinin istiqamətləri, həmçinin böyük özəlləşdirmədən danışıb.
Amerikanın Səsi: Azərbaycanın 2021-ci il üçün dövlət büdcəsini necə səciyyələndirərdiniz, bu sənəd daha çox sosial yönümlıdır, yoxsa investisiya istiqamətli?
Sosial yönümlü xərclər Azərbaycanın 2021-ci il büdcəsinin hər 100 manatının 29 manat 30 qəpiyini təşkil edi
Qubad İbadoğlu: 2021-ci ilin büdcəsi əvvəlki ilin büdcəsi ilə müqayisədə əsaslı dəyişikliklərə məruz qalmadı. Baxmayaraq ki, Milli Məclisə gec təqdim olundu, müzakirəsi də az çəkdi. Amma biz büdcənin xərclər hissəsini xarakterizə eləsək hər 100 manatdan 61 manat 10 qəpik cari xərclərə 29 manat 20 qəpik isə əsaslı xərclərə yönəlir. Yəni, göründüyü kimi, büdcə daha çox istehlak büdcəsidir. Daha çox, vəsaiti, belə deyək, cari məqsədlər üçün xərcləyəcik büdcədir. Bu 100 manatdan 61 manat 10 qəpik təçkil edəcək. Amma əsaslı xərclər, investisiya yönümlü xərclər, hər 100 manatdan 29 manat 20 qəpik təşkil edəcək. Bildiyiniz kimi onun da 7 manat 70 qəpiyi bizim işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa xərcləridir. Biz büdcəni daha çox istehlak büdcəsi kimi xarakterizə edə bilərik. O ki qaldı, büdcənin investisiya və sosial yönümlü xərclər arasındakı münasibətlərə, investisiya xərcləri sosial yönümlü xərclərdən çoxdur. Qeyd etdiyim kimi, investesiya xərcləri hər 100 manata 29 manat 20 qəpikdir. Sosial yönümlü xərclər əsasən 3 istiqamətdə xərclərin məcmusundan ibarətdir. Sosial müdafiə və sosial təminat xərcləri hər 100 manatda 12 manat 90 qəpik təşkil edir. Təhsil xərcləri hər 100 manatda 11 manat 50 qəpik təşkil edir. Eyni zamanda səhiyyə xərcləri hər 100 manatda 4 manat 90 qəpik təşkil edir. Bütövlükdə götürəndə sosial yönümlü xərclər Azərbaycanın 2021-ci il büdcəsinin hər 100 manatının 29 manat 30 qəpiyini təşkil edir. Qeyd olunduğu kimi, 29 manat 20 qəpik də hər 100 manatdan əsaslı xərclərə yönəldirik. Yəni, sosial yönümlü ilə investisiya xərcləri arasında aslılıq demək olar ki, bərabər həddədir. Amma, büdcənin cari xərcləri əsaslı xərclərlə, təxminən belə desək, 2.5 dəfəyədək çox olduğuna görə, biz deyə bilərik ki, büdcə istehlak büdcəsidir.
Amerikanın Səsi: Büdcəni neft faktorundan asılılıq baxımindan necə qiymətləndirərdiniz?
Büdcə neft qoxusu verir.
Qubad İbadoğlu: Büdcənin gəlir hissəsinə diqqət yetirsək neft fondundan asılılığını birmənalı şəkildə görmək olur. Çünki bu il üçün proqnozlaşdırılan dövlət büdcə gəlirlərinin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorundan daxil olacaq. Bu 54 manat 20 qəpik əsasən dövlət neft sektorunun transferti hesabına formalaşdığından, biz, bütövlükdə neft sektoru ilə daxil olmaların 100 manatın 88 manat 60 qəpiyini Azərbaycan Neft Fondundan transfert şəklində büdcəyə alacağıq. Yerdə qalan 11 manat 40 qəpiyi isə vergi orqanlarının xətti ilə neft fonduna ödənişlər təşkil ediləcək. Yəni, bu ödənişlər nədən ibarətdir? Bu SOCAR-ın ödənişləridir və eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərindən bir yerdə neft sektoruna daxilolmaların payını 100 faiz götürəndə 11 manat 40 qəpiyini, yəni, 11.4 faizini həmin o şirkətlərin ödəmələri hesabına əldə edəcəyik. Amma yenə qeyd elədiyim kimi, büdcə neft qoxusu verir. Yenə də birbaşa xərclər büdcənin yarısından çox məbləğini təşkil edir. Yeri gəlmişkən, qeyd edim ki, bu, həm də neftin dünya bazarında qiymətindən aslı olaraq dəyişə bilər. Eyni zamanda, bu, dövlət büdcəsində olan yeganə xərc birbaşa neft sektorundan daxil olmalardan ibarətdir deyil. Neft sektoru ilə əlaqəli fəaliyyətlərdən dolayı olaraq dövlət büdcəsinə vəsait daxil olur. Odur ki, dolayı xərcləri də birbaşa xərclərlə birlikdə hesablayanda dövlət büdcəsinin, 2021-ci il üçün proqnozlaşdırılan büdcənin 60 faizə qədəri neft gəlirlərindən, neft pullarından formalaşmış büdcə olacaq. Bu da nəzərə alsaq ki, indi bizim dünya bazarının konyekturasında tam sabitlik yoxdur. Bilirsiniz ki, pandemiya ilə əlaqədar olaraq, xüsusən də, neftin qiyməti dəyişkəndir. O halda da Azərbaycanın dövlət büdcəsi üçün məzənnə müəyyən risklər yaradır. Təbii ki, bu vəsaiti dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlər hesabına təmin edəcəklər. Çünki Dövlət Neft Fondundan təxminən 12 milyard 200 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi gözlənilir. Heç şübhəsiz ki, neftin qiymətindən aslı olnmayaraq vəsait dövlət büdcəsinə transfert olunacaq.
Amerikanın Səsi: Büdcə parametrləri ölkənin gercək iqtisadi potensialina uyğundurmu?
Bütövlükdə büdcənin adam başına düşən gəlirləri bu il üçün 1477 dollar olacaq. Bu büdcədən neft gəlirlərini çıxsaq, onda adam başına düşən gəlir 676 dollara düşəcək.
Qubad İbadoğlu: Əslində parametrlər üzrə büdcəni iqtisadi potensial ilə müqayisə edəndə ən düzgünü o olar ki, Azərbaycan büdcəsinin neftli və neft gəlirləri nəzərə alınmadan 2 yerə bölək və onu adam başına düşən gəlirlərlə xarakterizə edək. Məsələn, bütövlükdə büdcənin adam başına düşən gəlirləri bu il üçün 1477 dollar olacaq. Bu büdcədən neft gəlirlərini çıxsaq, onda adam başına düşən gəlir 676 dollara düşəcək. Məsələn, Ermənistanın büdcəsində neft pulu yoxdur, orada adam başına düşən gəlir 1099 dollar təşkil edəcək. Gürcüstanda adam başına düşən büdcə gəlirləri 1135 dollar təşkil edəcək. Rusiyada adam başına düşən gəlir 1752 dollar təşkil edəcək. Biz 3 yaxın qonşu ölkələrlə müqayisə edəndə təbii ki, neft gəlirləri nəzərə alınmaqla adam başına düşən büdcə gəlirləri Rusiyadan sonra daha çox Azərbaycandadır, sonra Gürcüstandadır, sonra Ermənistanda. Ancaq bizim büdcə gəlirlərindən neft gəlirlərini çıxandan sonra, təəssüflər olsun ki, biz adam başına düşən büdcə gəlirlərinə görə, həm Gürcüstan, həm Ermənistan, həm də Rusiyadan geri qalırıq.
İqtisadi potensialımızı tam şəkildə xarakterizə eləmir, çünki büdcə gəlirlərinin, göründüyü kimi, yanlız demək olar ki, 45,8 faizi qeyri-neft sektorundan daxil olmalardır. Bu da onu deməyə əsas verir ki, qeyri-neft sektorundan daxilolmalar bizim maliyyə potensialımıza adekvat deyil. Qeyri-neft sektorundan daxilolmaların az olmasının əsas səbəblərindən biri də gizli iqtisadiyyatın mövcudluğudur. Odur ki, gizli iqtisadiyyatın leqallaşdırılması son nəticədə iqtisadi potensialımızdan daha səmərəli istifadə etməyə imkan verə bilər ki, onda da maliyyə imkanlarımız genişləndirilə bilər. Hal-hazırda ölkədəki mövcud korrupsiya və inhisarçılıq gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində ən böyük maneələrdən sayıla bilər.
Amerikanın Səsi: Büdcə kəsirinin örtülməsi üçün mənbələrdən biri özəlləşdirilmədən ğözlənilən gəlirlər olmalıdır. Sizcə hökümət hansı sahədə özəlləşdirmə aparacaq?
İl ərzində böyük özəlləşdirmə gözlənilir.
Qubad İbadoğlu: Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu bütövlükdə ümumdaxili məhsulun 4,1 faizini təşkil edir. Kəsirin qarşılanmasının mənbələri arasında diqqəti cəlb edənlərdən biri də daxili borc vəsaitləridir. Bu, kifayət qədər böyük bir məbləğdir. Təxminən 1.9 milyard manata yaxındır. Amma, eyni zamanda, bu il əvvəlki illərlə müqayisədə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsində özəlləşdirmədən daxilolmalar da kəskin şəkildə artırılıb. Bu il üçün proqnozlaşdırılan 111 milyon manatdır. Bu o deməkdir ki, il ərzində böyük özəlləşdirmə gözlənilir. Hansı şirkətlər özəlləşə bilər bunlar barəsində sadəcə olaraq müəyyən fərziyyələr irəli sürmək mümkündür. Təbii ki, iri dövlət müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulub. Bunun üçün Azərbaycan investisiya holdinqi yaradılıb. Holdinq həmin şirkətləri özəlləşdirməyə hazırlayır. Bunların siyahısında yalnız iri dövlət şirkətləri, dövlət xidmətlərini həyata keçirən şirkətlər daxildir. Bunların siyahısında həm də, mən hesab edirəm ki, bu il özəlləşdirilməsi gözlənilən şirkətlər siyahısında, biz, Azərbaycan Beynəlxalq Bankını da görə bilərik. Azər-Türk Bank da Azərbaycan dövlətinin payını da görə bilərik. Eyni zamanda, ola bilər ki, hətta AZAL da özəlləşdirilməyə çıxarılsın, Xəzər dəniz gəmiçiliyi də özəlləşdirilməyə çıxarılsın. Hətta düşünürəm ki, birbaşa özəlləşdirmə olmasa da Azərenerji və yaxud onun strukturları olan Azərişıq da bu siyahıda ola bilər. Bu il üçün çox böyük ehtimalla özəlləşdirməyə daha iri müəssisələr açılacaq və mən adını çəkdiyim şirkətlər də o siyahıda ola bilər. Və digər istiqamətlərdə, mən düşünmürəm ki, hansısa bir kiçik özəlləşdirmə ilə 111 milyon manat məbləğində özəlləşdirmədən vəsait əldə edək. Bu onu göstərir ki, 2021-ci il özəlləşdirmənin miqyası ilə, onun daha iri səviyyədə həyata keçirilməsi ilə əvvəlki illərdən fərqlənəcək. Burada ən ciddi sual ondan ibarətdir ki, adatən belə şirkətlərin özəlləşdirilməsi illərlə zaman aparır. Yəni, bu bir hazırlıq prosesi tələb edir. Azərbaycan investisiya holdinqi qısa zamanda bunu həyata keçirə biləcəkmi? Görünür ki, başqa alternativlər qalmadığına görə sürətlə hazırlıq prosesi təşkil olunacaq. Çünki, artıq bəzi qanunvericiliklərdə də müəyyən dəyişiklik edilib. Son dəyişikliklər də, yeri gəlmişkən, "Müflisləşmə haqqında" qanunda aparıldı. Və digər qanunlarda da müvafiq dəyişikliklərlə bu şirkətlərin özəlləşdirilməyə hazırlanma prosesi sürətlənəcək və mən də düşünürəm ki, 2021-ci il böyük özəlləşdirmənin başlanğıc ili kimi tarixdə qalacaq.