Evsizləri sığınacaqla, acları yeməklə, xəstələri dərmanla təmin etmək inkişaf etmiş ölkələrdə hökumət agentliklərinin funksiyasıdır. Lakin Birləşmiş Ştatlarda bu yardımlar qeyri-hökumət təşkilatları və ya xeyriyyə təşkilatları tərəfindən həyata keçirilir.
Cameka Aşer birinci dəfədir evsiz qalıb. Aprel ayından, evindən çıxarılandan bəri o, dörd uşağı ilə birlikdə “Qurtuluş Ordusu” adlı təşkilata məxsus otaqda yaşayır. Aşer işləyən, lakin aldığı maaşla ailəsini dolandıra bilməyən çox sayda kasıb amerikalıdan biridir. “Mən tək deyiləm, mənim himayəmdə 4 uşaq var. Bu, çox qorxulu idi. Mənim üz tuta biləcəyim kimsə yox idi” - deyə, o bildirir.
Son illər ölkədə iqtisadiyyatın tənəzzülə uğraması bir çox amerikalını qorxutduğu kimi, qeyri-hökumət təşkilatlarını da qorxudur. 45 illik fəaliyyəti dövründə Nəşvilin “Qurtuluş Ordusu” təşkilatına son zamanlar müraciətlər demək olar ki, dörd dəfə artıb. Polkovnik-leytenant Çarlz Vayt 45 illik karyerasında ilk dəfədir ki, belə bir situasiya ilə üzləşdiyini deyir: “Günlərin birində bir nəfər buraya gəlib bizə “mən buraya gəldiyim üçün utanıram. Keçən il mən bu təşkilata yardım edirdim, lakin indi mən özüm də buraya gəlib yardım istəyirəm” dedi."
Aşerin ailəsi kimi Amerikada bir çox ailələr hökumətin və ayrı-ayrı insanların yardım etdiyi xeyriyyə təşkilatlarına müraciət edir. Çarlz Vayt federal hökumətin Neşvilin “Qurpuluş Ordusu”na verdiyi məbləğdən bu yaxınlarda 400 min dollar kəsdiyini və bunun daha çox olacağını deyir.
Nəşvilin ikinci yadım təşkilatlarından biri də “Məhsul Ərzaq Bankı”dır ki, bu təşkilat Tennessi ştatında hər il 400 mindən çox insanı pulsuz yeməklə təmin edir. Təşkilatdan Taşa Kennard da narahatlığını bildirir. “Federal və ştatın maliyyə yardımı tükənir. Yardıma ən çox ehtiyac hiss edilən son üç ildə donorların da gücü zəifləyib və onlar əvvəllər olduğu kimi yardım edə bilmirlər.”
“Məhsul Ərzaq Bankı” və “Qurtuluş Ordusu” kimi agentliklər donorların yardımlarını azaltmasından narahatdırlar.
Buna baxmayaraq, Taşa Kennard vəziyyətin o qədər də acınacaqlı olmadığını deyir. “Biz bir yenilik gətirməliyik. Biz əvvəlkindən daha sıx əməkdaşlıq etməliyik. Bizim təşkilatımız əvvəl güman edə bilmədiyimiz səviyyədə insanlara xidmət göstərir.”
Aşer deyir ki, onun ailəsi daha çox səbirli olmağı öyrənib. Oun sözlərinə görə xeyriyyə təşkilatlarının da Amerika iqtisadiyyatı kimi bərpa olunması uzun vaxt aparacaq.