Accessibility links

Qənimət Zahid: Problem Azərbaycan hakimiyyətinin alternativ informasiyaya dözümsüz yanaşmasıdır


Qənimət Zahid: Problem Azərbaycan hakimiyyətinin alternativ informasiyaya dözümsüz yanaşmasıdır
Qənimət Zahid: Problem Azərbaycan hakimiyyətinin alternativ informasiyaya dözümsüz yanaşmasıdır

Redaktor bildirib ki, son ayda qəzetin əməkdaşları Seymur Həziyev və Ramin Deko oğurlanaraq döyülüb. Bir neçə il öncə, müxbir Fikrət Hüseynli oğurlanaraq bıçaqlanıb. Fotoreportyor Aqil Xəlil ürək nahiyəsindən bıçaqlanıb. Mirzə Sakit və Qənimət Zahid həbsə məhkum edilib.

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə çap mediasının durumu, problemləri, jurnalistlərin fiziki təzyiqə məruz qalmaları və problemin həlli yollarından danışıb.

Sual: Azərbaycanın çap mediasının mövcud durumunu necə qiymətləndirirsiniz? Problemlər nədir?

Cavab: Durum çox ağırdır. Ən əsas problem Azərbaycan hakimiyyətinin alternativ informasiyaya dözümsüz yanaşmasıdır. Bundan sonra, ciddi problemlərdən biri texnoloji proseslə bağlıdır. Azərbaycanda çap mediasının çapı üzərində çox ciddi monopoliya var. Qəzet kağızının idxalı tam monopoliyadadır. Qəzetlərin satış işləri də bərbad vəziyyətdədir. Bütün bunlar çap mediasının problemləridir.

Sual: Redaktoru olduğunuz Azadlıq qəzeti ölkədə ən çox tirajı olan müxalif qəzetlərdən biridir. Reklamla bağlı vəziyyət necədir? Nə qədər reklam cəlb edə bilirsiniz?

Cavab: Biz reklam cəlb edə bilmirik. Ona görə ki, Azadlıq qəzetinə reklam verməkdən qorxurlar. Onlar hakimiyyətin qəzəbinə tuş gələ bilər. Eyni zamanda, potensial reklamvericilər Azərbaycan hakimiyyətində bizneslə məşğul olan dövlət məmurlarıdır. Onlar istəməz ki, müxalif qəzetin maliyyə büdcəsinin möhkəmləndirilməsində iştirak etsinlər.

Sual: Bir illik reklam büdcəniz təxmini nə qədərdir?

Cavab: Bu o qədər gülməli rəqəmdir ki, məbləği deməkdə çətinlik çəkirəm. İllik reklam büdcəsi 10 min manatdan da aşağıdır.

Sual:Qəzetiniz yalnız satışdan əldə edilən vəsaitlə dolanır?

Cavab: Azadlıq qəzeti birmənalı şəkildə satışdan əldə edilən vəsaitlə yaşayır və alternativ maliyyə mənbəyi yoxdur.

Sual: Azadlıq qəzetinə qarşı son illər nə qədər məhkəmə çəkişməsi olub? Qəzet və əməkdaşları nə qədər miqdarda cərimə olunub?

Cavab: 2008-ci ilədək müxtəlif məhkəmə iddiaları ilə Azadlıq qəzetinin üzərinə yarım milyon dollardan çox cərimə qoyulmuşdu. Sonra, mən həbsdə olduğum zaman eşitdim ki, həmin cərimələr dondurulub. Hazırda, cərimə məsələsi aktual deyil. Bununla yanaşı, hər bir iddia üzrə qəzet Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Sual: Bir zaman, Azadlıq qəzetinin bank hesabına da həbs qoyulmuşdu. Bu indi də qüvvədədir?

Cavab: İndi qəzetin bank hesabında həbs yoxdur. Elə o vaxt, qadağa götürülüb.

Sual: Son günlərdə də qəzetinizin əməkdaşlarının fiziki təzyiqlərə məruz qalması barədə məlumatlar var idi. Son illər qəzetin neçə əməkdaşı fiziki təzyiqə məruz qalıb?

Cavab: Son ayda qəzetimizin əməkdaşları Seymur Həziyev və Ramin Deko oğurlanaraq döyülüb. Bir neçə il öncə, müxbir Fikrət Hüseynli oğurlanaraq bıçaqlanıb. O sonralar da təqiblərə məruz qaldı və ölkəni tərk etməyə məcbur oldu. Fotoreportyorumuz Aqil Xəlil ürək nahiyəsindən bıçaqlanıb. Davamlı izlənmələr və təqiblərdən sonra beynəlxalq təşkilatların köməyi ilə ölkəni tərk edib. Mirzə Sakit və mən həbsə məhkum edilmişik. Bir sözlə, Azadlıq qəzeti son illərdə həm fiziki, həm də maliyyə təzyiqlərinə, təqiblərə ən çox məruz qalan media qurumudur.

Sual: Problemin həllini nədə görürsünüz?

Cavab: Ayrılıqda götürülmüş, media xoşbəxtliyini Azərbaycan kimi ölkələrdə təsəvvür etmək mümkün deyil. Mətbuat azadlığı fundamental azadlıqların tərkib hissəsidir. Əgər, Azərbaycanda fundamental azadlıqlar bütün parametrlər üzrə pozulursa, çoxsaylı qanunların qəbulundan, qərarlardan, siyasi bəyanatlardan asılı olmayaraq media azadlığı ayrılıqda bərpa edilə bilməz. Bu, yalnız xəyal olar. Problemin həlli ölkədə demokratiya ənənələrinin formalaşdırılmasından və tolerant hakimiyyətin olmasından keçir.

XS
SM
MD
LG