Accessibility links

Almaniyanın xarici işlər nazirinin Azərbaycana səfəri uğurlu keçir


Azərbaycan və Almaniya BMT TŞ-nin qeyri daimi üzvü kimi Suriya ətrafında vəziyyət və İranın nüvə proqramı ilə bağlı müzakirə aparıb.

Martın 14-də Almaniyanın Azərbaycanda Xarici Ticarət Palatasının təşkili ilə bağlı hökumətlərarası Saziş imzalanıb. Sazişi Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya xarici işlər naziri Qio Vestervel imzalayıb.

Danışıqların yekunu olaraq keçirilən mətbuat konfransında nazirlər bildirib ki, danışıqlarda ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanla Avropa İttifaqında bütün sahələrdə, o cümlədən siyasi, demokratiya, enerji, qeyri-neft sektoru və NATO xətti ilə əlaqələrlə bağlı məsələlərə toxunulub.

Dağlıq Qarabağ münaqişəsi də danışıqların mövzusu olub. Bundan başqa, Azərbaycan və Almaniya BMT TŞ-nin qeyri daimi üzvü kimi Suriya ətrafında vəziyyət və İranın nüvə proqramı ilə bağlı müzakirə aparıb. “Biz istəmirik ki, İran nüvə enerjisindən atom bombasının yaradılması üçün istifadə etsin”, - deyə Vestervel qeyd edib.

Nazir Vestervel Azərbaycanı strateji əhəmiyyətli regionda Almaniyanın siyasi və enerji sahəsində tərəfdaşı adlandırıb. O Almaniyanın Azərbaycanı yalnız neft və qaz istehsalçısı kimi deyil, həm də bu sahədə tranzit ölkə kimi nəzərdən keçirdiyini diqqətə çatdırıb.

Qarabağ probleminə gəlincə, o deyib: “Biz hamıya faydalı olan sülhün tərəfdarıyıq. Kompromislər üçün bütün imkanlar axtarılmalıdır ki, münaqişədə nizamlanma əldə olunsun”.

Azərbaycan jurnalistlərinin Almaniya mətbuatında Azərbaycana qarşı tənqidi məqalələrin dərci ilə bağlı (söhbət insan haqları ilə bağlı məqalələrdən gedir-Turan) sualının cavabında Vestervel deyib ki, Almaniyada media azaddır və hökumət mediaya nəzarət etmir.

Eyni zamanda o deyib ki, Eurivision-2012 mahnı müsabiqəsi Azərbaycanı dünyaya azad və açıq ölkə kimi təqdim etmək üçün yaxşı şansdır.

Suallara cavabda nazir Məmmədyarov Almaniya insan hüquqları müvəkkili Markus Löninqin vicdan məhbuslarını azad etmək çağırışı ilə bağlı bildirib ki, o əfv komissiyasının üzvü deyil, bu səbəbdən də suala cavab verə bilməz. Bununla yanaşı, nazir Almaniyanı insan hüquqları üzrə müvəkkilinin bəyanatlarını “xoşagəlməz” adlandırıb.

E.Məmmədyarovun fikrincə, Azərbaycanda demokratiyanın səviyyəsi qonşu ölkələrdən heç də geri deyil. O hesab edir ki, tənqid bu sahədə daxili inkişafa xeyir gətirmir, əksinə əks reaksiyalar yaradır. “Markus Löninq (Almaniyanın insan hüquqları üzrə müvəkkili) bizə müəllimlik etməsin”, - deyə nazir sərt reaksiya verib.

XS
SM
MD
LG