Accessibility links

QHT-lərlə bağlı şirin vədlər, yoxsa...


Prezident aparatı
Prezident aparatı

Avqustun 4-də prezidentin köməkçisi Hikmət Hacıyevin bir sıra hüquq müdafiəçiləri ilə görüşündən sonra ölkədə qeyri-hökumət təşkilatları (QHT) məsələsində yumşalma olacağının anonsu verilmişdi. Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırladıqlarını və aidiyyəti qurumlara təqdim etdiklərini bildirdilər.

İndi bəzi müşahidəçilər belə suallar səsləndirirlər: Qeyri-hökumət sektorunda hansı dəyişikliklər gözlənilir? 2014-cü ildə sərtləşdirilmiş qanunvericilik yumşaldılacaqmı?

"Qeyri-hökumət təşkilatları ilə bağlı mühit yaxşılaşmalı..."

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova "Turan"a bildirib ki, ötən il 44 günlük müharibədən əvvəl hökumət qeyri-hökumət təşkilatları ilə bir neçə görüş təşkil edib: "O vaxt da ehtimal var idi ki, hər hansısa dəyişikliklər nəzərdə tutulur, amma müharibə zamanı məlum səbəblərə görə bu məsələ dayandı. Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı. Qurumun Müşahidə Şurasında kifayət qədər rəngarəng və fərqli mövqeləri olan insanlar var. Sadəcə, eyni mövqedə bizi birləşdirən amillərdən biri odur ki, qeyri-hökumət təşkilatları ilə bağlı mühit yaxşılaşmalı və qanunvericilikdə məzmun baxımından əsaslı dəyişikliklər olmalıdır".

Qurumun təmsilçisi məsələ ilə bağlı təkliflər verdiklərini qeyd etdi: "Sözsüz ki, təkliflər 2014-cü ildə olan qadağaların aradan qaldırılması ilə bağlı olan təkliflərdir. QHT-lərin qeydiyyat məsələsini asanlaşması da təklif kimi var. Qanunda QHT-lərin qeydiyyat problemi yoxdur, sadəcə, mühit elədir ki, qeyri-hökumət təşkilatlarının qeydiyyat məsələsi gecikdirilir, yaxud da qeydiyyata alınmır".

"Bunun üçün də siyasi iradə var"

Günel Səfərovanın sözlərinə görə, beynəlxalq təşkilatlardan, fondlardan maliyyələşmənin asanlaşması ilə bağlı da təkliflər hazırlanaraq təqdim olunub. Onun fikrincə, bu sahədə yumşalmalar olacaq: "Bunun üçün də siyasi iradə var. Bu siyasi iradə olmasaydı, bu qədər görüşlər, fəaliyyətlər, təkliflər paketinin hazırlanması olmazdı. Yumşalmalar nəzərdə tutulur. Əlbəttə ki, QHT təmsilçisi prizmasından baxanda istəyirəm ki, bütün qadağalar aradan götürülsün, sadəcə, bəzi məsələlər var ki, hələ də müzakirə tələb edir, xüsusilə xaricdəki maliyyənin Azərbaycana gəlməsi məsələsi".

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da düşünür ki, hökumət müəyyən dəyişikliklərə gedəcək. O, AzadlıqRadiosuna bildirib ki, hökumət bunu etməyə məcburdur: "Hazırkı şərtlər belə etməyə diktə edir. Vətəndaş cəmiyyətinin vaxtilə fəaliyyətinin məhdudlaşdırılması dövlətin də nüfuzunu zədələyir. Yəqin ki, hökumətin yeni komandası yeni siyasi dizayn etməyə planlayır, o cümlədən də vətəndaş cəmiyyəti ilə bağlı".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Amma yekun nəticələri hələ ki, görmürük"

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı proses 1 il əvvəl başlamışdı: "Prezidentin köməkçisi onda da vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmüşdü, biz müəyyən təkliflərimizi təqdim etmişik. Amma bu proses konkret bir müstəvidə aparılmır. Müəyyən adamlarla görüşürlər, mesajlar verilir, amma yekun nəticələri biz hələ ki, görmürük".

Bəşir Süleymanlı qeyd edib ki, hələ ki, əvvəlki problemlər belə qalmaqdadır: "Vətəndaş cəmiyyətinin fəalları, vəkillər ölkəyə giriş-çıxış zamanı qanunsuz yoxlanışlara hələ də məruz qalırlar".

"Yaxşı olar ki…"

Ekspert deyir ki, məsələ ilə bağlı ictimai müzakirələr getmir: "Dəyişikliklər paketi hazırlanıb. Bu dəyişikliklər paketində nələr öz əksini tapıb, bununla bağlı açıqlama verilmir. Yaxşı olar ki, hazırlanan qanun layihəsinin, təkliflərin ictimai müzakirəsi təşkil olunsun və buna uyğun vətəndaş cəmiyyətinin nümayəndələri öz təkliflərini də versinlər".

Hüquq müdafiəçisi ehtimal edir ki, dəyişikliklər QHT-lərin qrant alması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı ediləcək.

Bəzi ekspertlər də düşünür ki, deyilən məsələlərin yalnız sözdə şirin vəd, yoxsa ciddi addımlar olacağı yaxın vaxtlarda tam bəlli olacaq.

XS
SM
MD
LG