Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının (QHT) və medianın durumu “Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi”nin (VCMK) təşkil etdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” forumunda müzakirəyə çıxarılıb.
Müzakirələrdə onlarla QHT və KİV nümayəndəsi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, Norveç və İsveçin səfirləri, çoxsaylı səfirliklərin təmsilçiləri iştirak edib. Bununla yanaşı, Maliyyə və Ədliyyə nazirlikləri foruma dəvət edilsə də iştirak etməyib.
Müzakirələrdə 3 istiqamətdə araşdırmalar təqdim olunub. Təqdimatlarda son illər ərzində həm QHT-lərin, həm də KİV-lərin qarşılaşdığı problemlər, onların həllini çətinləşdirən əsas hüquqi baryerlər və tənzimləyici orqanların yaratdığı maneələrdən bəhs olunub.
Çıxışlarda vətəndaş cəmiyyəti institutlarının durumu, inkişaf perspektivləri, bu perspektivlərə müxtəlif istiqamətlər çərçivəsində baxışlar açıqlanıb.
“Azərbaycanda son illər QHT-lərlə bağlı qanunvericiliyə 26 düzəliş edilib. Düzəlişlər Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Bu gün hansı şərait yaradılmasından asılı olmayaraq mövcud qanunvericiliklə fəaliyyət göstərmək mümkün deyil. Ya yeni qanun hazırlanmalı, ya da qanunvericilik aktları 2009-cu il səviyyəsinə gətirilməlidir”, hüquqşünas Ələsgər Məmmədli qeyd edib.
Onun sözlərinə görə, QHT-lərin bank hesabları, qrantların qeydiyyatı, QHT liderlərinin ölkədən çıxışı ilə bağlı çoxsaylı problemlər yaradılıb.
“Hüquqi şəxs olan kommersiya təşkilatı “bir pəncərə” prinsipi ilə bir gün ərzində, hüquqi şəxs yaradan QHT isə 100 iş günü ərzində Ədliyyə Nazirliyində qeydiyyata alınır”, hüquqşünas bildirib.
O bildirib ki, son iki ildə ümumiyyətlə qrant müqavilələri qeydə alınmayıb.
“Qrant müqavilələrinin qeydiyyatı ilə bağlı norma da yoxdur. Köhnə norma ləğv edilib, yenisi qəbul edilməyib”.
Norveç və İsveç səfirləri ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı son zamanlar müsbət irəliləyişlərin olduğunu deyib.
“Ümid edirik, bu irəliləyişlər davam edəcək və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da genişləndiriləcək”, Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib.
Rasional İnkişaf Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova ölkədə QHT-lərin çox ağır şəraitdə fəaliyyət göstərdiyini bildirib. Hazırda fəaliyyətdə olan QHT-lər yalnız şəxsi fədakarlığın nəticəsində “ayaq üstə” qalıb.
“Biz QHT təmsilçisi olduğumuz halda, nədən adımız antihökumət təşkilatı kimi çağırılır. Bu baxış dəyişdirilməsə fəaliyyət göstərmək çox çətindir. Regionlarda fəaliyyət göstərmək, layihələr həyata keçirmək xüsusilə çətindir. Hər bir tədbir üçün ayrıca şifahi icazə alınmalıdır”, o qeyd edib.
Forumda siyasi məhbuslar məsələsi də müzakirə edilib.
“Siyasi məhbusların bir qismi həbsdən azad edilib. Ümid edirik ki, həbsdə olan qalan siyasi məhbuslar da azadlığa qovuşacaq. Nəhayətdə Azərbaycan siyasi məhbussuz ölkə olacaq və insanlar daha siyasi mülahizələrlə həbs edilməyəcək”, hüquq müdafiəçisi Arzu Abdulllayeva bildirib.
Siyasi məhbus məsələsinə baxışlarda fərqlər ciddidir.
Prezident Administrasiyasının ictimia-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova ölkədə insanların siyasi mülahizələrlə həbs edilmədiyini və siyasi məhbusların olmadığını deyib.
Bu zaman müzakirələrdə iştirak edən Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilmiş Əvəz Zeynallı və Hilal Məmmədov etiraz edib.
“Bu gün siyasi məhbus məsələsində hökumətin mövqeyi dəyişməyib. Siyasi mülahizələrlə məni həbs edib, sonra azad edib tərif gözləyirlər. Şəxsən mən qəzet redaktoru kimi tənqidi məqalələrimə görə siyasi sifarişlə həbs edilmişəm. Biz əfv istəmirik, bəraət uğrunda hərəkat yaratmalıyıq”, o qeyd edib.
Hilal Məmmədov isə uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olduğunu, narkotikin rənginin necə olduğunu bilmədiyini deyib.
“Məni narkotik ittihamı ilə həbs etdilər. Həbsimə qədər narkotikin rənginin və iyisinin necə olması barədə təsəvvürüm yox idi. Həbsxanada çoxsaylı narkotik ittihamı ilə həbsdə olanları görəndən sonra onun “nə olduğunu” başa düşdüm. Tikinti maqnatını narkotiklə həbs ediblər. Belə insanların, yəni siyasi məhbusların sayı yüzlərlə yox minlərlədir. Tikinti maqnatının narkotiklə həbsi siyasi deyil, bəs nədir?”, o qeyd edib.
Turan agentliyinin direktoru Mehman Əliyev azad media sahəsində durumun daha ağır olduğunu diqqətə çatdırıb.
“Ölkədə media kommersiya təşkilatı deyil. Media təbliğat vasitəsidir və idarə olunur”.
O deyib ki, 2013-cü ildə qanunvericiliyə dəyişiklik edilərək bloqosferadakı yazılara da Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri tətbiq edilib.
“Amma nədənsə jurnalistlər narkomaniya, xuliqanlıq, dələduzluq, dövlətə xəyanət ittihamları ilə həbs edilir. Diffamasiya ittihamı ilə həbs edilən jurnalist yoxdur. Digər tərəfdən isə böhran dövründə hökumət bir qrup jurnalistlərə ev verir, yeni saytlar yaradılır”, o qeyd edib.
Konstitusiya Araşdımaları Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT və mediyaya qarşı münasibətin dəyişdiyini deyib. Onun sözlərinə görə, QHT liderlərinin və media təmsilçilərinin həbsdən azad edilməsi davam edəcək.
“Artıq QHT-lərin və onların rəhbərlərinin bank hesablarına qoyulmuş həbslər, xaricə çıxışlarına məhdudiyyətlər aradan qaldırılıb. Qrantlarla bağlı problemlər həllini tapır”, o qeyd edib.
Tədbirin moderatoru, “ Azərbaycan Demokratiya və Rifah” Hərəkatının rəhbəri Qubad İbadoğlu vətəndaş cəmiyyəti institutlarının mövcud durumunu dəyərləndirərək, bu forumu hakimiyyətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı üçün yeni şans və dəyişikliklər üçün start adlandırıb.
O qeyd edib ki, hazırkı situasiyada müşahidə olunan bəzi müsbət dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafına keçid dövrünün başlanğıcı ola bilər. Lakin bu dəyişikliklərin dayanıqlı və uzunmüddətli olması üçün onun geniş müstəvidə tətbiq olunması, bütün vətəndaş cəmiyyəti institutlarını əhatə etməsi, eləcə də mövcud QHT qanunvericiliyində əsaslı dəyişikliklərin aparılması zəruridir. Odur ki, QHT-lər üçün yeni və vahid baza qanunu işlənilməli, bütün ziddiyyətli və mühafizəkar qaydalar, o cümlədən qrantların və xarici donorların qeydiyyatı ləğv olunmalı, yerli və xarici QHT-lərin fəaliyyət mühiti yaxşılaşdırılmaldır.
“Sivil toplum institutları cəmiyyəti birləşdirən qüvvədir və buna görə də onun məqsədi mövcud problemləri təqdim etmək və onları aradan qaldırmaq üçün tövsiyələr verməkdən ibarətdir ”, Q. İbadoğlu bildirib ki, VCMK bu istiqamətdə müzakirələri davam etdirəcək.