Accessibility links

Qərbi Azərbaycan İranın əhalinin gəlirləri ən aşağı olan dörd vilayətindən biridir


Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət
Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət

“Qərbi Azərbaycan əhalinin gəlirinə görə İran vilayətləri arasında 28-ci yerdədir,”-deyə Qərbi Azərbaycan vilayətinin yeni valisi Qurbanəli Səadət ötən illər vilayətin idarəetmə sistemini qeyri-münasib olaraq dəyərləndirib.

İRNA xəbər agentliyinə istinadən, cənab Səadət bu sözləri millət vəkilləri və yerli məsulların iştirakı ilə keçirilən təqdimat mərasimində deyib.

İran 31 vilayətə (ostan) bölünüb. Qərbi Azərbaycanın 28-ci yerdə göstərilməsi vilayətin İranda əhalinin ən aşağı gəliri olan dörd vilayətdən biri olduğu deməkdir.

Əslən Urmiyənin Qarabağ kəndindən olan valinin sözlərinə görə, Qərbi Azərbaycan vilayətinin əsas problemləri yüksək işsizlik səviyyəsi, sənaye və sahibkarlıq sahəsində ləng inkişafla əlaqədardır.

Yerli mediaya istinadən, son neçə il ərzində Qərbi Azərbaycan əhalisinin əsas gəlir qaynaqalarından biri sayılan Türkiyə ilə ticari əlaqələrlə bağlı ciddi problemlərin yaranması da vilayətin iqtisadiyyatına böyük zərər vurub.

Jurnalist Elnaz Məlikzadənin “Türkiyə ilə ticarətin kələ-kötür yolu” adlı reportajında son zamanlar iki ölkə rəsmiləri arasında keçirilən görüşlərin problemlərin həlli istiqamətində faydalı olacağı ilə bağlı ümid ifadə edilib.
XS
SM
MD
LG