Accessibility links

Qazıntı zamanı qədim Təbrizin bir hissəsi aşkarlanıb


Şərqi Azərbaycan vilayətində Təbrizin köhnə məhəllələrinin birində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.

İSNA xəbər agentliyinin məlumatına əsasən, Təbrizin Valman küçəsində aparılan qazıntılar zamanı fəhlələr və mühəndislərin diqqətini tarixi Təbriz şəhərinə aid qədim tikililər cəlb edib.

1780-ci ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhəri çox ziyan görüb və şəhərin yeni binaları köhnə Təbrizin üstündə tikilib.
Kərim Meymənətnejad, tarixçi

Vilayətin mədəni irs idarəsinin baş direktoru həmin qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.

Bələdiyyə və şəhər şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.

İSNA‌ xəbər agentliyinə danışan tarixçi və Təbriz tarixi üzrə tədqiqatçı Kərim Meymənətnejad deyib ki, tapılan binalar şübhəsiz qədim Təbriz şəhərinin bir parçasıdır, ancaq tapıntıların tam mahiyyəti hələ müəyyənləşdirilməyib.

Tarixçi güman edir ki, tapılan tikililər kəhriz və yaxud minarə ola bilər.

May ayında Təbrizin 1,000-dən çox yaşı olan bazarının yanması şəhərin memarlıq irsinə ağır zərbə vurmuşdu.
May ayında Təbrizin 1,000-dən çox yaşı olan bazarının yanması şəhərin memarlıq irsinə ağır zərbə vurmuşdu.

"1780-ci ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhəri çox ziyan görüb və şəhərin yeni binaları köhnə Təbrizin üstündə tikilib," Meymənətnejad deyib.

O hesab edir ki, Təbrizdə hər hansı şəhər qazıntıları əsnasında köhnə Təbrizə aid tarixi binaların tapılması mümkündür.

"20 il əvvəl bir alt keçid layihəsi zamanında oxşar memarlıq abidələri tapılmışdı, ancaq təəssüf ki, laqeydlik nəticəsində layihə pozuldu", o bildirib.

XS
SM
MD
LG