Accessibility links

Qəzvin baş prokuroru: İnternet mühiti tam nəzarət altındadır


İranda türklərin sıx yaşadığı Qəzvin vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi vilayətdə xarici qüvvələrə bağlı 1000 internet qruplaşmasının darmadağın edildiyini bildirərək, internet mühitinin tam nəzarət altında olduğunu ifadə edib.

İranın yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən İsmayıl Sadıqi bu məlumatı vilayətin media təmsilçiləri ilə görüşündə açıqlayıb.

Baş prokuror “darmadağın edilən” qruplaşmaların milli təhlükəsizliyi pozmaq istiqamətində fəaliyyət göstərdiyini deyib.

İnternet mühitini gənclər üçün təhdid hesab edən Sadıqi vilayətdə təqribən 400 gəncə ictimai şəbəkələrdə fəaliyyətləri ilə bağlı xəbərdarlıq edildiyini bildirib.

Höccətül-İslam Sadıqi hakimiyyət orqanlarının ictimai şəbəkələrdə xəbərdarlığa baxmayaraq, fəaliyyəti davam etdirənləri müəyyənləşdirib məhkəməyə çıxarmaq işində çox çevik olduğunu vurğulayıb: “İctimai şəbəkələrin birində məsləhətə qarşı bir akt formalaşırdı. Bu haqda gecə yarısı saat 2-də xəbər aldıq və onları səhər saat 8-də məhkəməyə çıxardıq.”

“Qanunu icra etmək üçün hər zaman möhkəm və fiziki cəzalar vermirik. Məsləhət görüldüyü zaman mədəni hökmlər veririk. Misal üçün məhkum bir şəxsə İslam İnqilabı kitabını oxutdurub, kitabın xülasəsini bir universitet tezisi şəklində hazırlamağa məcbur etdik. Başqa birini isə böyük ayətullahların şəriət risalələrini oxumağa məhkum etdik,” deyə baş prokuror əlavə edib.

Hüquq müdafiəçilərinin yaydığı hesabatlara görə, İran Azərbaycanı və ölkənin digər vilayətində məhkəməyə çıxarılan bir çox türk fəalın da üzləşdiyi ittihamlar onların ictimai şəbəkələrdəki fəaliyyətləri ilə bağlı olur.

XS
SM
MD
LG