Qazaxıstan Rusiyanın yüksək vəzifəli rəsmisinin Qərbin Moskva və onun Belarus kimi müttəfiqlərinə tətbiq etdiyi sanksiyalara Ruisyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyi adlı ticarət bloku vasitəsilə birgə cavab vermək təklifini rədd edib.
Avrasiya İqtisadi Birliyinə Rusiya və Qazaxıstandan əlavə üç başqa keçmiş Sovet ölkəsi daxildir. Onlar Ermənistan, Belarus və Qırğızıstandır.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin bu həftə deyib ki, Avrasiya İqtisadi Birliyi Qərbin ittifaqın bəzi üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalara qarşı “ümumi cavab” üzərində çalışır.
Lakin Qazaxıstanın Xarici İşlər Nazirliyi iyunun 5-də qeyri-adi bir bəyanat yayaraq enerji ilə zəngin Mərkəzi Asiya ölkəsinin ticarət blokunun “siyasiləşdirilməsi”nə qarşı olduğunu bildirib.
“AİB Sazişinin çərçivəsindən kənarda olan təşəbbüslərin, o cümlədən üçüncü tərəflərin tətbiq etdiyi sanksiyaların müzakirəsi kontekstində biz düşünürük ki, Qərbin sanksiyaları siyasi motivlidir və AİB-ni deyil, individual ölkələri hədəfləyir,” bəyanatda qeyd olunub.
“Biz qeyd etmək istəyirik ki, Qazaxıstan Respublikası başqa ölkələrin tətbiq etdiyi sanksiyalara cavab olaraq AİB ölkələri tərəfindən “ümumi tədbirlər”lə bağlı hər hansı danışıqlarda iştirak etmir.”
Qazaxıstanın Ruisya ilə yaxın siyasi və iqtisadi əlaqələri var, amma ölkə həmçinin Qərb və Çinlə də yaxın əlaqələr qurmaq istəyir.
Vaşinqton bu ilin əvvəlində ABŞ-da ötən il keçirilən seçkiyə müdaxiləyə, haker hücumuna, Ukraynaya təcavüzünə və başqa bədniyyətli əməllərinə cavab olaraq Ruisyaya, o cümlədən Rusiyanın suveren borcuna sanksiyalar tətbiq edib.
Bu həftə Avropa İttifaqı Belarusa məxsus bütün hava yolları şirkətlərinin Avropa İttifaqının ərazisi üzərində uçmasına, habelə ittifaqdakı hava limanlarına çıxışına qadağa qoyub. Bu qadağa rəsmi Minskin Ryanarair-ə məxsus təyyarəni Minskə enməyə məcbur etməsi və müxalifətçi jurnalist Roman Protaseviçi və onun sevgilisini həbs etməsinə cavab olaraq tətbiq olunub.