Accessibility links

Qazax sakini tank əleyhinə minaya düşüb


Azərbaycan Prokurorluğu Qazax sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb.

Qazax rayon prokurorluğunun məlumatına görə, sentyabrın 22 -də Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Məlumatda deyilir ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG