Accessibility links

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış olub


Kəmərdə partlayış
Kəmərdə partlayış

Partlayış Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında baş verib. Azərbaycandan qaz ixracı tam dayandırılıb

Oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb.

Bu, cari ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş vermiş ikinci partlayışdır. Hər iki partlayış eyni yerdə baş verib. Türkiyənin HaberMonitor portalının məlumatına görə, bu dəfə partlayışın səsi 20 km. aralıda belə eşidilib.

Ötən dəfə qaz kəmərinin və qaz ixracının bərpası üçün 10 sutka lazım gəlmişdi. Türkiyə hakimiyyəti hər iki hadisəni terror aktı adlandırıb.

Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyi bildirib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində partlayış terror aktı nəticəsində baş verib.

Azərbaycandan tədarükə gəldikdə, nazirlik bəyan edib ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli 7-10 gün ərzində bərpa ediləcək.

Bu günkü terror aktı qazın boru kəmərinə daxil olduğu “Şahdəniz” yatağında qaz hasilatının dayandırılmasına səbəb olmayıb.

BP-Azerbaijan şirkətinin mətbuat xidmətindən bildirilib ki, “Şahdəniz” yatağından hasil edilən qazın əsas həcmi müvəqqəti olaraq Azərbaycanda toplanır. Müəyyən həcm daxili bazara verilir, qalan hissə ARDNŞ-nin yeraltı qaz anbarlarına göndərilir. Bu, sutkada 6 mln. kubmetrə yaxındır.

BP-Azerbaijan qeyd edir ki, hələlik BOTAS şirkətindən (BTC boru kəmərinin Türkiyə hissəsinin operatoru) qaz kəmərinin bərpasının vaxtı barədə məlumat alınmayıb.
Qeyd edək ki, “Şahdəniz” sutkada orta hesabla 22 mln. kubmertə yaxın qaz hasil edir. Bunun 10 mln.-u Türkiyəyə göndərilir.
XS
SM
MD
LG