Accessibility links

Cəbhədə ağır döyüşlər gedir


Azərbaycann və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər davam etdirilir. Hər bir tərəf qarşı tərəfin çoxsaylı itkilərinin olması barədə məlumatlar yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

“Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.”

Nazirlik Naxçıvanın Sədərək və Şərur rayonları ərazisində Ermənistanın pilotsuz uçuş aparatının vurulduğunu da bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin digər məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

“Düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3 raket, Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.” Müdafiə Nazirliyi bildirir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb ki, raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur,” Hacıyev qeyd edib.

Azərbaycan ərazisinə atılan reketin qalıqları
Azərbaycan ərazisinə atılan reketin qalıqları

Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 22-də Ermənistan silahlı birləşmələri cəbhə zonasından 150 kilometrdən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.

“Raket zərbələri nəticəsində Qəbələ rayon sakini Murad Əmirbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib. Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb,” Baş Prokurorluq bildirir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, Ermənistan ərazisindən Azərbaycana raket buraxılmayıb.

"Azərbaycan tərəfinin Ermənistanın Qəbələ və Kürdəmirə qarşı ballistik raketlər atması barədə bəyanatı absurd və yalandır," o, qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin rəsni nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, döyüşlər yalnız şimalda və cənubda deyil, həm də mərkəzi istiqamətdə aparılıb.

Hovanisyana görə, şimal istiqamətində Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə hücum cəhdləri göstərib, lakin geri oturdulub və xeyli itki verib.

“Düşmənin aviasiyadan istifadəsi də fayda veməyib. Əsasən taktiki təyyarələrdən istifadə ediblər. Cəbhə xəttinin mərkəzi istiqamətinə gəldikdə, burada bir neçə təxribat qrupu mövqelərimizin dərinliklərinə nüfuz etməyə çalışıb, lakin artilleriya zərbəsindən sonra qaçmağa məcbur odub. Cənub istiqamətində də döyüşlər davam edib. Düşmən cənubda, Araz çayı boyunca irəliləməyə cəhd edib, lakin cəhdin qarşısı alınıb, itkilər verərək geri çəkilməyə məcbur olub. Bu istiqamətdə aviasiyadan az istifadə edilib, buna baxmayaraq hava hücumundan müdafiə qüvvələrimiz düşmənin bir təyyarəsini vurub,” Hovanisyan bildirib.

Ermənistan oktyabrın 22-də daha 40 hərbiçisinin öldürüldüyünü bildirib. Rəsmi məlumatlara görə, ümumilikdə Ermənistan 874 hərbiçisini itirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

İranla həmsərhəddə, Araz çayı boyunca aparılan döyüşlər zamanı atılan raketlərin bir qisminin İran ərazisinə düşdüyü bildirilir.

İran ərazisinə düşən raketin yaratdığı dağıntı (Foronu İran Press yayıb)
İran ərazisinə düşən raketin yaratdığı dağıntı (Foronu İran Press yayıb)

“Yalnız bu gün, oktyabrın 22-də İranın Xudafərin yaşayış məntəqəsi istqamətinə 71 raket düşüb,” İran Press agentliyi İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik üzrə köməkçisi Əliyar Rastgooya istinadən məlumat yayıb. O, itkilərin və dağıntıların qeydə alınmadığını bildirib. Agentlik raketlərin düşüdüyünü təsdiq edən fotolar da yayıb.

Oktyabrın 15-də İran Xarici İşlər Nazirliyi ərazisinə mərmilərin düşdüyünü qeyd edərək Azərbaycan və Ermənistan tərəfinə xəbərdarlıq edib.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 20-dək Azərbaycanın 63 mülki vətəndaşı həlak olub, 292 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun fövqəladə hallar xidməti bildirib ki, Azərbaycan tərəfinin atəşi nəticəsində bir dinc sakin yaralanıb.

“Azərbaycan Ordusu Martuni şəhərini və Martuni bölgəsindəki Gərgər kəndini artilleriya atəşinə tutaraq mülki əhaliyə maddi ziyan vurub. Artıq ikinci gündür ki, düşmən Mardakert şəhəri və ətraf kəndlər istiqamətində hərbi təyyarələrdən istifadə edir. Burada da yaşayış məntəqələrinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən mülki əhali arasında itki və xəsarət yoxdur," məlumatda deyilir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, çərşənbə axşamı artilleriya atəşindən daha bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. Ümumilikdə, sentyabrın 27-dən inidyədək 33 dinc sakin həlak olub, 108 nəfər yaralanıb.

Münaqişə ilə bağlı siyasi səviyyədə də çalışmalar davam etdirilir.

Oktyabrın 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan Moskvada Rusiya xarici işlər naziri ilə ayrılıqda görüşərək müzakirələr aparıb. Azərbaycan xarici işlər naziri Bayramov həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı münaqişə ilə bağlı fikir mübadiləsi aparıb.

Oktyabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyanın Brüsseldə NATO Baş Katibi Yens Stoltenberqlə görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə aparılıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin tərəfi olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır,” NATO Baş Katibi bildirib.

Baş Katib NATO-nun atəşkəsin pozulmasından narahat olduğunu və münaqişənin sülh yolu ilə həllininin tapılmasının vacibliyini deyib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər bir kəs daimi siyasi həll üçün çalışmalıdır.

Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir,” Stoltenberq bildirib.

Oktyabrın 23-də isə Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşü gözlənilir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

XS
SM
MD
LG