“Azadlıq” qəzetinin baş redaktoru, mühacirətdə olan Qənimət Zahidin həbsdə olan qohumları Rüfət və Rövşən Zahidovlar jurnalistdən üz döndərdiklərini bildiriblər.
Əsasən Rövşən Zahidov onun anket məlumatlarında baş redaktor ilə qohumluq əlaqələrinin olması barədə informasiyanın ləğvini xahiş edir. O, KİV-i onu vicdan məhbusları siyahısından çıxarmağa çağırıb.
“Mən və qohumlarım cənab prezident İlham Əliyevin daxili və xarici siyasətini bəyənirik və dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”, Rövşən Zahidov yazır.
Jurnalistin digər qohumu Rüfət Zahidov da təxminən bu cür çıxış edib.
Rüfət Zahidovun vəkili Bəhruz Bayramov hesab edir ki, bu müraciətin yayılması onların tezliklə azad edilməsinə şərait yarada bilər.
“Mən hələ yayda, Zahidovların barəsində hökm çıxarılanda KİV-ə müsahibədə demişdim ki, bu günahsız insanların istənilən yolla azadlığa buraxılmasını məqbul sayıram”, B.Bayramov vurğulayıb.
Hazırda Zahidovların işi apellyasiya instansiyasındadır.
Q.Zahid facebook səhifəsində qohumlarının müraciətinə münasibət bildirib.
“Dövlətçiliyimizin düşməni olan “buxarinçi-kamenevçi-zinovyevçi- trotskiçi-kontrrevolyusionist, burjua-kapitalist” ünsürlərdən imtina etməyə hazır olan daha kimlər var?” o qeyd edib.
Jurnalist həmçinin xaricdən yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısıdır. Proqramda Azərbaycan hakimiyyəti sərt tənqid eilir.
Rövşən və Rüfət Zahidovlar 2014-cü ilin iyulunda külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunublar. Bu il iyunun 28-də onların hər ikisi 6 il azadlıqdan məhrum edilib.
Amnesty International hüquq-müdafiə təşkilatı onları vicdan məhbusu kimi tanıyıb. Onlar yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıb və “siyasi girovlar” kateqoriyasına aid edilib.