Dünyanın kakao istehsalının 60 faizi Qərbi Afrikanın iki ölkəsinə - Qana və Fil Dişi Sahilinə düşür. Lakin illərdir bu dənəni yetişdirən fermerlər gəlirin azlığından şikayətlənir. Bu isə kakao sənayesinin davamlılığı ilə bağlı narahatlıqlara yol açır. Hər iki ölkə fermerlərin gəlirlərini artırmaq yolunda çalışsa da, fermerlər deyir ki, daha çox iş görülməlidir.
Emanuel Nodco ailəsini saxlamaq üçün artıq 20 ildir kakao yetişdirir. Lakin Qanadakı kakao fermerlərinin çoxu kimi onun da qazancı cüzidir. "Fermerlərin dəstək üçün kakao alan şirkətlərə ehtiyacı var. Lakin onlardan soruşanda "yox" deyirlər. Onlar pulu qabaqcadan ödəmək istəmirlər."
Qanada 800 min ailə kakao yetişdirməklə dolanır. Kakaonu yetişdirmək baha başa gəlir, satış qiymətlərini isə dövlət qurumu tərəfindən qlobal bazara əsaslanaraq təyin edilir. Nəticədə fermerlərin qazancı çox az olur. Bundan əlavə isə, fermerlərin çoxunun öz torpaqları olmadığı üçün onların gələcəyi də qeyri-müəyyəndir.
Ömrü boyu bu sahədə çalışan Deyvid Servora ona kakao yetişdirdiyi torpaqların bu yaxınlarda satıla biləcəyi xəbəri verilib. "Qana və Fil Dişi Sahili Qərbi Afrikanın kakao yetişdirən ölkələridır. Lakin mən xəbərlərdə Fil Dişi Sahilində kiminsə torpaqlarını başla işlə məşğul olan insanlara satmaq istədiyini eşitməmişəm. Qana torpaqlarını həmişə satır və kakao fermerlərini məhv edir. Bəs bizim gələcəyimiz nə olacaq?"
Qana və Fil Dişi Sahili bu il kakao alıcılarına minimum alış qiyməti tətbiq etmək məsələsini müzakirə edib. Lakin onlar iyul ayında bu plandan geri çəkilib və bunun əvəzində fermerlərin istehsal etdiyi kakao dənəsinin hər tonu üçün 400 dollarlıq "gəlir fərqi" əlavə ediblər.
Qananın kakao sənayesinin tənzimləyicisi fermerlərin gəlirlərinin artmasının onların kakao yetişdirməyə davam etmələri üçün çox mühüm olduğunu deyir. Qana Kakao Şurasından Fiifi Boafo: "Fermerlər əməklərinə kifayət qədər qiymət verilmədiyini deyirlər. Bu isə Qananın kakao sənayesinə böyük təhlükədir."
Rəsmilər yeni ödənişin fermerlərə bir ton üçün minimum qiyməti əldə etmələrinə və Nodco kimi kakao fermerlərinin daha çox pul qazanmasına yardım edəcəyini deyirlər.
Ancaq Nodjo bunun kifayət etməyəcəyini deyir. "Bir ton üçün 2 min 600 dollar verirlər. Amma daha çox verə bilərlər."
Nodco həm də Qərbi Afrikada daha çox kakao məhsulunun istehsal olunmasını istəyir ki, onlar təkcə kakao dənəsinin ixracından asılı olmasınlar.
Hazırda isə Qana və Fil Dişi Sahili dəyəri 100 milyard dollardan çox olan qlobal şokolad bazarının yalnız 6 milyard dollarını qazanır. Qana fermerləri deyirlər ki, onların kakaonu yetişdirməyə davam etmələri üçün onların gəlirləri də yaxşı olmalıdır.