Accessibility links

"Qafqazda Siyasi İslam" - Karnegi fondunda konfrans (VİDEO)


"Qafqazda Siyasi İslam" - Karnegi fondunda konfrans (VİDEO)
"Qafqazda Siyasi İslam" - Karnegi fondunda konfrans (VİDEO)

Azərbaycanda mövhumata qarşı mübarizənin köklərinin dərin olduğunu qeyd edən Hikmət Hacızadə dramaturq Cəfər Cabbarlının “Sevil” əsərini nümunə çəkdi. Azad qadın obrazını təmsil edən Sevil ölkədə Sovet dönəmindəki de-İslamizasiyanın mühüm simvoluna çevrilmişdi. Mərhum prezident Heydər Əliyevin öz qızını məhz Sevil adlandırmasını da ekspert bu perspektivdən izah etdi.

Fevralın 22-də Vaşinqtonda qərargahlanan Karnegi Fondunda “Qafqazda Siyasi İslam” başlıqlı konfrans keçirildi. Radikal İslam cərəyanının Şimali və Cənubi Qafqazda yayılması və onun doğurduğu təhlükələri Azərbaycan, Türkiyə və Rusiyadan gəlmiş ekspertlər müzakirə etdilər.

“Azərbaycan Məsələsi: Yeni İslam Müxalifəti?” başlıqlı nitqində Milli Demokratiya Fondunda Reagan-Fascell təqaüdçüsü Hikmət Hacızadə ötən illərdə sekulyarist dövlət idarəsi ilə dini fəallar arasında münasibətlərin xüsusilə kəskin xarakter aldığını və bu zəmində onlarla adamın həbs olunduğunu qeyd etdi. Cənab Hacızadənin sözlərinə görə Azərbaycanın ədliyyə sistemində şəffaflıq olmadığına görə çox vaxt tutulanların günahını müəyyən etmək mümkün olmur. Ekspert hesab etdiyini bildirdi ki, ümumiyyətlə ölkədə insanların az sayda da olsa radikal İslama üz tutmalarına səbəb demokratik idarəçiliyin yoxluğudur.

Azərbaycanda İslamın tarixinə qısa ekskursiya edən Hikmət Hacızadə VIII-IX əsrlərdə Azərbaycan əhalisinin müsəlmanlaşdırılmasını və 16-cı əsrdə şiəliyin yayılmasını qeyd etdi. O, hazırda əhalinin 65 fazinin şiə, 35 faizinin sünni olduğunu bildirdi. Eyni zamanda Azərbaycanın sovet dönəmində sərt ateizm cərəyanına məruz qaldığını vurğulayan cənab Hacızadə azərbaycanlıların əksəriyyətinin yalnız mədəni anlayışda müsəlman olduğunu və dindar olmadığını önə çəkdi. Onun sözlərinə görə kommunizm irsinin təsirləri Azərbaycana həm avtoritar, həm də demokratik düşərgədə güclü sekulyarist cərəyan miras qoyub. Bu cərəyanın təmsilçiləri siyasi İslamı ciddi təhlükə kimi qiymətləndirir və onun Azərbaycanda ayaq açmasına imkan vermək istəmirlər:

“Anti-mövhumatçı hərəkat Azərbaycanda 19-cu əsrdə başlamış və indiyədək də davam edir. 20-ci əsrdə bu hərəkata bolşeviklər böyük təkan verdilər, çünki onlar da dinin əleyhinə çıxırdılar. Odur ki, liberal anti-mövhumat hərəkatı kommunist hərəkatı ilə bir araya gələrək ortaya güclü bir cərəyan qoydu. Böyük nailiyyətlər əldə olundu. Azərbaycan qadını azad edildi,” deyə cənab Hacızadə bildirdi.

Azərbaycanda dini radikalizmə qarşı mübarizənin köklərinin dərin olduğunu qeyd edən Hikmət Hacızadə dramaturq Cəfər Cabbarlının “Sevil” əsərini nümunə çəkdi. Azad qadın obrazını təmsil edən Sevil ölkədə Sovet dönəmindəki de-İslamizasiyanın mühüm simvoluna çevrilmişdi. Mərhum prezident Heydər Əliyevin öz qızını məhz Sevil adlandırmasını da ekspert bu perspektivdən izah etdi.

Cənab Hacızadə həmçinin Azərbaycanla İran arasında yaranan son gərginliklərdən, yazıçı Rafiq Tağının qətlindən söz açdı. Bir qrup azəri intellektualın bu yaxınlarda İslama tənqidi münasibət bəsləyən müraciətə imza atmasını auditoriyanın diqqətinə çatdıran Hikmət Hacızadə cəmiyyətin əksər qatlarında siyasi İslama dəstəyin aşağı olduğunu dedi. Bu göstəriciləri o, rəhbərlik etdiyi FAR Mərkəzinin ölkə boyu apardığı rəy sorğuları və onların nəticələri ilə əsaslandırdı. Cənab Hacızadənin sözlərinə görə əksər adamlar İslam Partiyasını tanımır və çox cüzi bir qism onu dəstəkləyir. Azərbaycanda islamçı hərəkatın konkret platformaya və liderə malik olmadığını deyən Hacızadə eyni zamanda qeyri-demokratik idarəçiliyin hələlik güclü sosial bazası olmayan islamçıların sırasının tədricən genişlənməsinə rəvac verdiyini vurğuladı.

Karnegi Fondunda qonaq mütəxəssis qismində çalışan Bayram Balcı Türkiyə və İranın Cənubi Qafqazda dini sferada rəqabət aparmasından danışdı. O, Azərbaycanda xaricdən qaynaqlanan üç başlıca dini cərəyanın – Türkiyə mənşəli sünni təsisatları, iranlı şiə ayətullaların moizələri və Vəhhabilərin – mövcudluğunu qeyd etdi. Cənab Balcı Türkiyədən qaynaqlanan cərəyanın həm rəsmi, həm də qeyri-rəsmi platformalarda təmsil olunduğunu bildirdi. Türkiyəli ekspert nurçuların Azərbaycanda yaratdıqları tədris ocaqlarını və Türkiyə dövlətinə məxsus Diyanet İşləri İdarəsinin inşa etdiyi məscidləri Türkiyədən gələn təsirin nümunələri olaraq qeyd etdi. İran şiəliyinə gəldikdə cənab Balcı ayətullah Təbrizi, Lənkarani və Sistaninin müəyyən nüfuz sahibləri olduqlarını qeyd etdi. Azərbaycanda islamçılığın son zamanlar güclənməsinə nümunə olaraq cənab Balcı Nardaranda Aşura mərasimi və Masallı qəbiristanlığında şəkli örtülmüş qadının məzarını auditoriyaya göstərdi.

Rusiyalı ekspert Aleksey Malaşenko Şimali Qafqazda güclənən islamçı cərəyan barədə həyəcan təbili çaldı. Onun sözlərinə görə bir vaxtlar keçmiş Sovet məkanında ateizmin dayanıqlı olduğu deyilir və regionun ərəb ölkələrindən fərqliliyi vurğulanırdı. Amma Dağıstan, İnquşetiya və Kabardino-Balkar regionlarında şəriətin az qala Rusiya dövlət qanunlarını əvəzlədiyini önə çəkən Malaşenko Şimali Qafqazın Rusiyanın yerdə qalan hissəsindən radikal şəkildə fərqləndiyini bildirdi:

"Əgər siz Kabardino-Balkar, Dağıstan Respublikalarına getsəniz, orada İslam kimliyinin güclənməsinin şahidi olacaqsınız və bu cərəyan gün-gündən güclənir. Onları praktik olaraq dünyəvi dövlət maraqlandırmır. Onlar Qafqazın şəriətləşdirilməsindən, islamlaşdırılmasından danışırlar. Onlar bunu artıq ediblər və etməkdədirlər," deyə rusiyalı ekspert bildirdi.

Aleksey Malaşenkonun sözlərinə görə sərt İslam etiketi bu regionda ayaq açmış və artıq bir çox sosial müstəvilərdə özünü aşkar şəkildə büruzə verir. Buna misal olaraq cənab Malaşenko mədrəsələrin geniş yayılmasını, qadınların çadraya bürünməsini və bir çox mağazalarda spirtli içkilərin qadağan edilməsini göstərdi. Rusiyalı ekspert Şimali Qafqazdakı durumun pessimizm doğurduğunu qeyd edərək, Kremlin situasiyanın öhdəsindən gəlmək imkanlarını sual altına aldı.

XS
SM
MD
LG