Hüquq müdafiəçiləri bu günlərdə Qəzvin şəhərinin mərkəzi həbsxanasında 3 məhbusun dar ağacından asıldığına dair məlumat yayıb.
İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilən İsmayıl Fatehi, Mansur Muhəmmədi və Müzəffər adlı şəxsin ölüm cəzası çərşənbə günü iyulun 28-də icra edilib.
Mansur Muhəmmədi və Müzəffər 6 il, İsmayıl Fatehi isə 5 il öncədən Qəzvin həbsxanasında saxlanılırdılar.
“İran İslam Cümhuriyyətinin edam maşını vətəndaşları qorxutmaq yönündə fəaliyyətə davam edir. Narkotik maddə qaçaqmalçılığı ilə bağlı mühakimə edilən müttəhimlər bu hakimiyyətin ən rahat qurbanlarıdır,” İran HR təşkilatının saytında dərc edilib.
Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.