Azərbaycanın Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində iyulun 24-də qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi olub.
Hərbi pilotun cənazəsi Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində qoyulub. Azərbaycan Prezidentinin köməkçisi Fuad Ələsgərov, müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev və digər hökumət üzvləri, çoxsaylı hərbçilər, hərbi pilotun yaxınları vida mərasimində iştirak edib.
Vida mərasiminə mətbuat nümayəndələri buraxılmayıb.
Rəşad Atakişiyev Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Pilotun dəfni ilə əlaqədar fəxri qarovul düzülüb, yaylım atəşi açılıb, dövlət himni səsləndirilib. Hərbçinin cənazəsinin üzərində olan Azərbaycan bayrağı xatirə üçün Atakişiyevin ailəsinə təqdim edilib.
Rəsmi məlumata görə, iyulun 24-də gecə saatlarında təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.
Avqustun 20-də Türkiyə mütəxəssislərinin köməyi ilə pilotun nəşi tapılaraq dənizdən çıxarılıb.
Pilotun qohumu, politoloq Qabil Hüseynli Amerikanın Səsinin hərbi təyyarənin radarlarının Rusiya hərbi sistemləri tərəfindən sıradan çıxarılması barədə yerli mediada yayılan məlumatlarla bağlı sualına cavabda deyib ki, təyyarə qəflətən dənizə düşüb. Təyyarə Siyəzən rayonunun Zarat qəsəbəsi (Bakıdan 65 kilometr şimal) ərazisində sahildən 9 kilometr məsafədə dənizə düşüb. Təyyarənin qalıqları və həlak olan pilotun cəsədi dənizin 27 metr dərinliyində aşkar edilib.
“İnternet vasitəsi ilə dünyada indiyədək 39 MİQ təyyarəsinin necə qəzaya uğraması ilə bağlı məlumatları toplamışam. Bu qəzaların böyük əksəriyyətində pilot katapulta edib, yəni xilas olub. Rəşadın təyyarə qəzası sirli bir qəzadır. Bu qəzanın üzərinə qara qutunun tədqiqi və oradakı məlumatların oxunması böyük işıq saçacaq. Əminəm ki, bu iş vicdanla aparılacaq və qəzanın baş vermə səbəbləri ortaya qoyulacaq. Çünki təyyarə yerlə həm radar, həm də radio əlaqəsini eyni zamanda kəsib. Əlaqə kəsilən an təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Bütün bunlarla bağlı hər şeyi aparılacaq tədqiqatların nəticəsi söyləyəcək.”
Amerikanın Səsinin ekspertlərin təyyarənin qara qutusunun tədqiq olunması üçün Rusiyaya deyil NATO qurumlarına göndərilməsi ilə bağlı dedikləri barədə sualına cavabda politoloq deyib ki, qara qutu Azərbaycanda tədqiq olunacaq.
“Azərbaycanda artıq o istiqamətdə laboratoriya açılıb. Sadəcə olaraq təyyarənin son dəfə təmir olunduğu Ukraynanın Lvov şəhərindən mütəxəssislər çağırılıb. Qara qutunun üz qapağı zədələndiyinə görə onlar özləri ilə Bakıya qara qutunun qabını gətirəcəklər. Qara qutunun içərisi yeni qutuya köçürüləcək və məncə problem olmadan oxuna biləcək. Rusiya variantını mənim kimi, məncə Azərbaycanın siyasi rəhbərliyi də istisna edir,” Hüseynli qeyd edib.