Ötən həftənin sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovla görüşüb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.
Onun sözlərinə görə, BQXK-nin nümayəndələri Rüfət Səfərovun sağlamlıq durumu, qidalanması və saxlanma şəraiti ilə maraqlanıblar.
“Rüfət Səfərov hazırda saxlanma şəraitinin, qidlanmasının və ona qarşı münasibətin normal olduğunu bildirib”, vəkil qeyd edib.
Rüfət Səfərov hüquqi və universal humanitar prinsipləri təşviq etdiklərinə görə nümayəndəliyin əməkdaşlarına təşəkkür edib, ona qarşı əvvəllər olan işgəncə faktına görə ərizəsinin Avropa Məhkəməsi tərəfindən icraata qəbul edildiyini bildirib.
“BQXK-nin nümayəndələri bir müddət öncə Rüfət Səfərovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Azərbaycan hökumətini, eləcə də insan haqqları sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatları məlumatlandırıb”, bu barədə isə Amerikanın Səsinə Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib.
Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu 2015-ci ildə Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Öz növbəsində prokurorluq bəyan edib ki, Rüfət Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Rüfət Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.
9 saylı Cəzaçəkmə Müəssisində saxlanılan Rüfət Səfərov 2017-cı il sentyabrın 21-də cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq qeyri-müəyyən müddətə aclığa başladığı barədə bəyanatla çıxış edib. Səfərov sentyabrın 22-də işgəncəyə məruz qaldığını bildirib.
O, cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə bir neçə dəfə cərimə kamerasına salınıb. Eyni zamanda Səfərovun ailəsi dəfələrlə oğullarının həyatının təhlükədə olması barədə ictimaiyyətə və hökumətə müraciətlər edib.
Həmçinion vəkil Bəhruz Bayramov işgəncə faktının araşdırılması üçün prokurorluğa müraciət edib. Xəzər rayon Məhkəməsi Rüfət Səfərovun işgəncəyə məruz qalmaması ilə bağlı prokurorluğun qərarını qüvvədə saxlayıb. Azərbaycan məhkəmələri Rüfət Səfərovun şikayətini təmin etmədiyindən o, Avropa Məhkəməsinə şikayət edib. Avropa Məhkəməsi Səfərovun şikayətini icraata götürüb.
Öz növbəsində Penitensiar Xidmət Rüfət Səfərova qarşı işgəncə faktının olmasını təkzib edib. Cəzaçəkmə müəssisələrində məhbusların qanunvericilik və daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirib.