Accessibility links

TRT Haber: "Putin Türkiyəyə səfər etməyi planlaşdırır"


Türkiyə prezidenti Tayyib Ərdoğanın baş yardımçısı cümə günü dövlət TRT Haber telekanalına Rusiya prezidenti Vladimir Putinin yanvar ayının ilk həftəsində Türkiyəyə səfər etməyi planlaşdırdığını deyib.

İbrahim Kalın Putinlə Ərdoğanın enerji məsələlərini və "TürkStream" təbii qaz boru kəmərini, eləcə də kürd YPG döyüşçülərinin Türkiyənin Suriya ilə sərhədlərindən çıxması üçün Ankara və Moskva arasında razılaşmanın detallarını müzakirə edəcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putinlə Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçidə görüşüb.

Həmin görüş zamanı prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə edilən razılaşmaya əsasən YPG qüvvələri sərhəddən 30 kilometr geri çəkilməli, Rusiya hərbi qüvvələri və Suriyanın sərhəd keşikçiləri həmin ərazilərə yerləşməli idi.

Lakin Ərdoğan bu yaxınlarda YPG döyüşçülərinin Türkiyənin hərbi müdaxilə etdiyi Tel-Rifat, Mənbic və Ras Əl-Aynin şərqində qaldıqlarını bildirib. O deyib ki, Vaşinqton və Moskva vədlərinə əməl etmədiyi təqdirdə Türkiyə də razılığa əməl etməyəcək.

Ərdoğan eləcə də ABŞ prezidenti Donald Trampla görüşündən iki gün sonra, cümə günü Türkiyənin Rusiyanın S-400 raketdən müdafiə sistemlərini satın almaqdan imtina etməyəcəyini deyib.

Birləşmiş Ştatlar və digər NATO müttəfiqləri Türkiyənin Rusyanın S-400 raket sistemi alması ilə bağlı narahatlığını ifadə edib və onların ittifaqın müdafiə sistemi ilə uyğun olmadıqlarını, habelə ABŞ-ın F-35 döyüş təyyarə proqramına hədə olduğunu bildirib.

XS
SM
MD
LG