Accessibility links

Putinin “Maqnitski siyahısı”na salınması tələbi ilə kampaniya aparılır



ABŞ-da Rusiya prezidenti Vladimir Putinin və Dumanın deputatlarının “Maqnitski siyahısı”na salınması tələbləri ilə imza kampaniyası aparılır. Bazar günü Ağ evin veb səhifəsində yerləşdirilmiş petisiyaya artıq 11 mindən çox adam imza atıb. Petisiyanın müəllifləri Obama administrasiyasından “Dima Yakovlev” qanununa imza atdığı halda prezident Putinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edir.

Rusiya Dövlət Duması bazar günü Amerika qanunvericilərinin Rusiyadan uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsinə səs vermiş deputatların adlarının “Maqnitski qanunu”na saldıqları halda, buna münasib addım atılacağına söz verib. Bu çağırışın edildiyi petisiya Ağ evin veb səhifəsində keçən həftə yerləşdirilmişdi. Petisiyanın ABŞ hökuməti tərəfindən nəzərdən keçirilməsi üçün ona 25 min admın imza atması lazımdır. Bazar ertəsi günü petisiyaya artıq tələb olunduğundan iki dəfə çox adam səs verib və imza atanların sayı 53 mindən artıq olub.

Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Duma bu addıma mənfi reaksiya verib. Xarici Əlaqələr Komitəsinin birinci müavini Vyeçeslav Nikonov deyib ki, bu, başqa ölkənin deputatlarına qarşı belə geniş miqyasda sanksiyaları nəzərdə tutan ilk belə haldır. Rusiya mətbuatına əsasən, Dumanın Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov petisiyanın təmin edilməsi üçün heç bir qanuni əsas olmadığını deyib. Onun sözlərinə görə, bu, baş versə, Rusiya tərəf buna oxşar bir şəkildə cavab verəcək, bu isə, iki ölkə arasında “açıq siyasi müharibə”yə gətirib çıxara bilər.

Bazar ertəsi Rusiya Federasiya Şurasının Xarici Əlaqələr komitəsi dekabrın 26-da keçiriləcək iclasda “Dima Yakovlev qanunu”nun bəzi düzələşlərlə təsdiq edilməsini tövsiyə edib. Lakin bu düzəlişlərin nədən ibarət olduğu ilə bağlı açıqlama verilməyib.

Dövlət Duması Rusiyadan uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu üçüncü oxunuşda keçən həftə cümə günü qəbul etmişdi.
XS
SM
MD
LG