Accessibility links

Putin yanğın baş vermiş sualtı gəminin nüvə enerjisilə işlədiyini təsdiq edib


Rusiyanın “Kommersant” qəzeti heyətə yaxın mənbələrə istinadla yazır ki, istintaq yanğına səbəb kimi qısa qapanmanı nəzərdən keçirir.

Rusiya Prezidenti Vladimir Putin bu həftənin əvvəlində yanğın baş vermiş sualtı gəminin nüvə enerjisilə işlədiyini açıqlayıb. Müdafiə nazirinin prezidenti gəminin reaktorunun mühafizə olunmasına əmin etdiyi bildirilir.

Yanğın zamanı 14 dənizçi həlak olub.

Kremlin iyulun 4-də yaydığı məlumata görə, Putin İtaliyaya yola düşməzdən öncə məsələni müdafiə naziri Sergey Şoyqu ilə müzakirə edib.

Müdafiə Nazirliyi insidentin iyulun 1-də baş verdiyini deyir. Bu haqda rəsmi məlumat isə bir gün sonra yayılıb.

İyulun 3-də Severomorsk şəhərində danışan Sergey Şoyqu bəzi heyət üzvlərinin və bir mülki şəxsin qəzadan salamat çıxdığını söyləyib.

Müdafiə Nazirliyi gəminin növünü açıqlamasa da, Rusiya mediası onun böyük dərinliklərdə həssas missiyalar gerçəkləşdirən AS-12 nüvə enerjili tədqiqat sualtı gəmisi olduğunu, Losharik adıyla 2000-ci ildə suya buraxıldığını yazıb.

XS
SM
MD
LG