Accessibility links

Putin seçkilərdən öncə polis və hərbçilərə 200 dollar ödəyəcək


Rusiya Prezidenti Vladimir Putin gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində məşhur olmayan Vahid Rusiya partiyasına dəstəyi artırmaq məqsədilə, çərşənbə axşamı hüquq-mühafizə orqanları və ordu heyətinə 200 dollar verilməsinə göstəriş verib.

Vahid Rusiya partiyasının reytinqi qiymətlərin artması və maaşların azalması nəticəsində aşağı düşüb. Bu ödəmə sentyabr ayında keçiriləcək Dövlət Dumasının Aşağı Palatasına seçkilər öncəsi paylanacaq. Daha öncə pensiaçılara buna bənzər 135 dollarlıq birdəfəlik ödəmə verilib.

Rusiyanın hüquq informasiya portalı Putinin sentyabr ayında ordu və hüquq-mühafizə orqanları üzvlərinə "sosial müdafiələri" üçün 15 min rubl (200 dollar) məbləğində birdəfəlik nağd ödənişlərin edilməsi barədə fərman imzaladığını bildirib.

Rusiya nə qədər insana ödəniş ediləcəyini açıqlamasa da, rəsmi statistikaya görə ölkədə 42 milyon təqaüdçü, 1,7 milyon hərbçi, polis və milli qvardiya üzvü var.

İnterfaks xəbər agentliyi Rusiya parlamentinin Aşağı Palatasının Büdcə Komitəsinə rəhbərlik edən millət vəkili Andrey Makarova istinadən bildirib ki, ümumilikdə ödənişlər 500 milyard rubldan (6,8 milyard dollar) çox olacaq.

Ödənişlər Rusiya hakimiyyəti inflyasiyanın qarşısını almaq üçün mübarizə apardığı bir vaxta təsadüf edir. 2020-ci ilin sonlarından bəri Putin bir neçə dəfə hökumətinə qiymətlərin nəzarətə alınması ilə bağlı ölçülər götürülməsi barədə əmr verib.

Son illər Vahid Rusiya partiyasının reytinqi hökumətin 2018-ci ildə mübahisəli bir pensiya planı qəbul etməsindən və ölkə iqtisadiyyatındakı durğunluq səbəbində aşağı düşüb.

Sentyabrda keçiriləcək səsvermə ərəfəsində Rusiya hökuməti müxalifət və müstəqil mediaya qarşı təzyiqlər həyata keçirməkdə davam edir.

Həbsdə olan müxalifət lideri Aleksey Navalnının fəaliyyəti "ekstremist" elan edilərək ölkədə qadağalarla üzləşib və ən yaxın müttəfiqləri ölkədən qaçmalı olub.

Meduza xəbər saytı və Dojd telekanalı da daxil olmaqla, ölkənin aparıcı müstəqil mətbuat orqanları "xarici agentlər", araşdırmaçı media qurumu Proyekt isə "arzuolunmaz təşkilat" elan edilib.

XS
SM
MD
LG