Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ermənistana rəsmi səfərə başlayıb. Ermənistanın Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük İttifaqına qoşulması məsələsi səfər zamanı danışıqların əsas diqqət mərkəzində olacaq.
Gümrüdə “Rusiya, Ermənistan, Gömrük İttifaqı” mövzusunda keçirilən forumda danışan prezident Putin rəsmi Yerevanın yeni iqtisadi alyanasa qoşulmasını erməni xalqı və ölkə rəhbərliyinin suveren seçimi adlandırıb.
Səfər zamanı cənab Putinin Rusiyanın Ermənistandakı hərbi bazasına gedəcəyi gözlənilir. Gümrüdəki 102 saylı hərbi bazada Rusiyanın beş min əsgərdən ibarət hərbi kontingenti saxlanılır. Burada üç moto-atıcı alay, artilleriya birləşməsi və bir tank batalyonu yerləşdirilib. Rusiya və Ermənistan arasında 1995-ci ildə bağlanmış müqaviləyə əsasən, Rusiya 2044-cü ilə qədər bazanı pulsuz icarəyə götürüb.
Rusiya prezidenti Spitakda zəlzələ qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.