Accessibility links

Yaxın Şərq daha geniş müharibə astanasında olduğu bir vaxt Putin yüksən səviyyəli rəsmisini Tehrana göndərib


Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu (solda) və İranın Baş Qərargah rəisi Məhəmməd Bagiri
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu (solda) və İranın Baş Qərargah rəisi Məhəmməd Bagiri

İslam Respublikası HƏMAS liderinin öldürülməsinə necə cavab verəcəyini planlaşdırdığı bir vaxt Prezident Vladimir Putinin yüksək rütbəli rəsmisi İran prezidenti və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə danışıqlar aparmaq üçün bazar ertəsi Tehrana gedib.

Rusiya keçən həftə İranda Fələstinin İslamçı HƏMAS qrupunun lideri İsmayıl Haniyənin öldürülməsini pisləyib və tərəfləri Yaxın Şərqi daha geniş regional müharibəyə çevirəcək addımlardan çəkinməyə çağırıb.

Rusiyanın Zvezda televiziya kanalı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandiri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Əkbər Əhmədianla görüşünü nümayiş etdirib.

May ayında Təhlükəsizlik Şurasına təyin edilməzdən əvvəl Rusiyanın müdafiə naziri olan Şoyqu prezident Məsud Pezeşkianla da görüşüb.

"Tehranda Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin prezident, Ali Milli Təhlükəsizlik Şurasının katibi və Baş Qərargahlar rəhbəri ilə görüşü planlaşdırılır", Zvezda telekanalı xəbər verib.

Putin hələ Yaxın Şərqdə gərginliyin artması ilə bağlı ictimaiyyətə açıqlama verməsə də, yüksək rütbəli Rusiya rəsmiləri Haniyənin öldürülməsinin arxasında duranların Yaxın Şərqdə sülh ümidini puça çıxarmaq və ABŞ-ı müharibəyə cəlb etmək istədiklərini bildirib.

İran İsraili günahlandırıb və onu "cəzalandıracağını" bildirib. İsrail rəsmiləri məsuliyyəti üzərlərinə götürməyib. İran Qəzzada İsraillə müharibə aparan HƏMAS hərəkatını və keçən həftə İsrailin Beyruta endirdiyi zərbə nəticəsində ölən Fuad Şükrün yüksək səviyyəli hərbi komandiri olduğu Livan "Hizbullah"ını dəstəkləyir.

Rusiya Ukrayna ilə müharibəyə başlayandan bəri İranla daha sıx əlaqələr qurub və İslam dövləti ilə geniş əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşdığını bildirib.

Reuters xəbər agentliyi fevral ayında İranın Rusiyaya çox sayda güclü "yer-yer" ballistik raketləri verdiyini bildirmişdi. ABŞ iyun ayında Rusiyanın İranla müdafiə əməkdaşlığını dərinləşdirdiyini və Ukraynaya zərbələr endirmək üçün ondan yüzlərlə pilotsuz təyyarə aldığını, lakin Moskvanın bunu rədd etdiyini bəyan etmişdi.

Keçən cümə günü Rusiya HƏMAS liderinin öldürülməsini ilə bağlı İranla eyni fikirdə olduğunu bildirib və "bu cür hərəkətlərin son dərəcə təhlükəli nəticələrə" səbəb olacağına işarə edib.

Vaşinqton Rusiyanın regionda gərginliyin azaldılmasında məhsuldar rol oynayacağına dair heç bir gözləntinin olmadığını bildirib.

"Oktyabrın 7-dən bəri onların bu münaqişədə məhsuldar rol oynadığını görməmişik. Onlar, əksər hallarda iştirak etmir. Əlbəttə, biz onların hər hansı tərəfi gərginliyi azaltmaq üçün addımlar atmağa çağırdığını görməmişik", ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə deyib.

Millerin sözlərinə görə, ABŞ Şoyqunun səfərinin niyə indi baş tutduğunu bilmir. Lakin bir ehtimal Moskvanın Tehranla əlaqələrini inkişaf etdirmək və onun Ukraynaya hərbi müdaxiləsinə dəstək axtarmaq ola bilər.

Forum

XS
SM
MD
LG