Accessibility links

Prokuror AXCP sədrinin müşavirinə 6 ay 2 gün həbs istəyib


Məmməd İbrahim (Foto Sancaq Facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq Facebook səhifəsindən götürülüb)

Yanvarın 8-də Bakının Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə 6 ay 2 gün həbs istəyib.

Prokuror deyib ki, cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılmasına görə Conayət Məcəlləsinin 317-1.2 maddəsi (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) ilə ona verilmiş ittiham üzrə 6 ay cəza tələb olunur. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

Prokurorun çıxışından əvvəl Heydər İsgəndərov adlı hal şahidi dindirilib. O, vaxtilə 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. İbrahimin işi üzrə hal şahidliyindən az sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Şahid məhkəmədə deyib ki, Məmməd İbrahimin yatdığı döşəkdən bıçaq tiyəsi çıxdığını görüb. Amma əşyanın məhz ona məxsus olub-olmadığını bilmir.

Məmməd İbrahim keçmiş məhkum yoldaşı olan şahidə sual verməkdən imtina edib:

"Mən ona sual verərdim. Amma o da birdən həqiqəti açıb desə, idarəyə aparılıb protokola imza atmağa məcbur edildiyini, hal şahidliyinə görə məntəqə tipliyə köçürüldüyünü danışsa, necə olacaq? Əlbəttə ki, onu yenidən həbsə qaytararlar. Mən isə onun həbsə qaytarılmasını istəmirəm," o qeyd edib.

Məmməd İbrahimin vəkilləri də çıxış edib. Deyiblər ki, ittihamın əsassız olması cinayət işinin materiallarında olan sənədlərin uyğunsuzluğundan görünür. Sənədlərdəki tarixlər, nömrələr onların əvvəlcədən hazırlanıb saxlanıldığını göstərir.

"Cəzaçəkmə müəssisəsindən Məmməd İbrahim haqqında verilən xasiyyətnamədə onun Əli Kərimlinin müşaviri olması vurğulanıb. Onun dindar, vəhhabiliyə meylli olması, hökumət əleyhinə təbliğat aparması qeyd olunub. Bütün bunlar göstərir ki, Məmməd İbrahimə qarşı baş verənlər onun siyasi mənsubiyyəti, tənqidi fikirlərinə görədir. Bu səbəbdən onu azadlığa buraxmaq istəmirlər. Ona görə də "döşəkdən bıçaq tapılması" əməliyyatı quraşdırılıb. Döşəyi Məmməd İbrahim hazırlamayıb, inventardır. Hətta iddia olunduğu kimi, bıçaq tiyəsi oradan tapılıbsa belə, necə sübut etmək olar ki, onu ora Məmməd İbrahim qoyub?", vəkillər sual edib.

Müdafiəçilər ittihamın saxta olduğunu vurğulayaraq, Məmməd İbrahimə bəraət verilməsini istəyib.

Yanvarın 10-da Məmməd İbrahim son söz deyəcək, sonra hökm elan ediləcək.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Cəzasının başa çatmasına bir gün qalmış İbrahimə qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb.

XS
SM
MD
LG