Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Emin Axundovun inzibati qaydada 30 sutka həbs edilməsindən verilən şikayətə baxılıb.
Fəal Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələrilə təqsirli bilinib.
Hüquq müdafiəçisi Zəfər Əhmədovun verdiyi məlumata görə, Emin Axundova verilən inzibati qaydada 30 sutka həbs cəzası 20 günə endirilib.
Ailəsinin dediyinə görə, onu oktyabrın 14-də Binəqədi rayonunun 5-ci polis bölməsinə çağırıblar. Bölməyə çağrılmasının səbəbi kimi onun internetdə kimisə söyməsi səbəb göstərilib.
İddia olunur ki, Emin Axundov küçədə söyüş söyüb, polis onu sakitləşdirməyə çalışıb. Lakin o, əksinə, bundan əsəbiləşib, polisin özünü təhqir edib. Bu səbəbdən də Binəqədi rayonu, 5-ci polis bölməsinə gətirilib. Orada haqqında inzibati xəta protokolu tərtib edilib. Ardınca Binəqədi Rayon Məhkəməsinə gətirilib.
Forum