Accessibility links

Prezident Tramp Yaponiyaya rəsmi səfərə yola düşüb 


ABŞ prezidenti Donald Tramp cümə günü dörd günlük səfər məqsədilə Yaponiyaya yola düşüb. Səfərin proqramında əsasən mərasim və əyləncə xarakterli görüşlər olsa da, Ağ Ev nümayəndəsi Yaponiya səfəri zamanı prezidentin “əhəmiyyətlə məsələlər haqda” xəbərlər elan edəcəyini bildirib.

Donald Trampın Yaponiya baş naziri Şinzo Abe ilə isti münasibətləri yaranıb. İki siyasətçi arasında keçirilən görüşlərin sayı 40-dan çoxdur. Ağ Ev bunu “presedentsiz hadisə” adlandırıb.

Ağ Evin yüksək vəzifəli nümayəndəsinin Amerikanın Səsinə verdiyi məlumata görə, hər iki liderin bazar ertəsinə planlaşdırılan mətbuat konfransında “ABŞ və Yaponiya arasında münasibətlərə toxunan bir neçə maraqlı bəyanat” səsləndiriləcək.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melania Tramp Tokioya enərkən. 25 may, 2019
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melania Tramp Tokioya enərkən. 25 may, 2019

Bazar ertəsi prezident onun şərəfinə imperator Naruhito tərəfindən təşkil edilmiş ziyafətdə iştirak edəcək. Bundan əlavə Tramp baş nazir Abe ilə qolf oynayacaq və Yaponiyanın qədim döyüş sənəti olan sumo üzrə yarışda iştirak edəcək. Prezidentin qalibə “Tramp Kuboku” təqdim edəcəyi planlaşdırılır.

Ekspertlərin sözlərinə görə, Şinzo Abe Trampı Böyük 20-liyin növbəti görüşünün Yaponiyanın Osaka şəhərində keçirilməsinin əhəmiyyətinə inandırmağa çalışacaq. Əlavə olaraq, Yaponiyanın baş naziri ABŞ prezidentinin yayda Fransada keçiriləcək Böyük Yeddiliyin görüşündə iştirak etməyin vacibliyi haqda danışacağı ehtimal edilir.

Danışıqların daha bir predemeti Vaşinqtonun Sakit Okean Tərəfdaşlığından çıxdıqdan sonra ABŞ və Yaponiya arasında ticarət sazişinin imzalanması imkanları ola bilər. Ekspertlərin sözlərinə görə, Abenin həm də, Trampa müasir dünya düzəni haqda danışmaq imkanı olacaq.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Asiya iqtisadiyyatı üzrə aparıcı məsləhətçisi Metyu Qudmanın fikrinə görə, bu səfər zamanı gözlənilməz irəliləyişlər müşahidə edilməyəcək.

Donald Tramp Yaponiyaya yeni Reyva erasında rəsmi səfər edən ilk dünya lideri olacaq. Xatırladaq ki, yeni imperator Naruhito bu ilin 1 may tarixində taxta qalxıb.

“İzumo” helikopter daşıyan gəmisi
“İzumo” helikopter daşıyan gəmisi

Çərşənbə axşamı Tramp və Abe Yokusuka hərbi-dəniz bazasında Yaponiyanın “İzumo” helikopter daşıyan gəmisinə baş çəkəcəklər. Uzunluğu 250 metr olan “İzumo” modifikasiyası dəyişdirilərək, ABŞ-ın səsdən sürətli və radara düşməyən F-35B qırıcı təyyarəsini yerləşdirə bilər. Ekspertlərin sözlərinə görə, yaponlar hələ ki, ABŞ-ın bu təyyarələrinin alınması haqda yekun qərar qəbul etməyiblər, amma Tokio F-35B qırıcılarına “böyük maraq” nümayiş etdirir.

Yokusukoda prezident Tramp Yaponiyanın hərbi-dəniz bazasında xidmət edən amerikalı hərbçilərlə görüşməlidir. Prezident ABŞ hərbi-dəniz qüvvələrinin desant gəmisinə baş çəkərək, görüş iştirakçılarını Xatirə Günü münasibətilə təbrik edəcək.

XS
SM
MD
LG