Prezident Obama yeni iş yerləri barədə planına dəstək qazanmağa çalışdığı bir vaxt, Konqres qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. Qanun layihəsində 2009-cu ildə təklif edilən stimullaşdırma paketində olduğu kimi yeni iş yerlərinin açılması üçün xərclər təklif edilir. Bu məsələ ətrafında isə müxtəlif fikirlər mövcuddur.
Bir çox amerikalı kimi Kristofer Zigelhofer də iqtisadiyyatın tənəzzülə uğradığı bir vaxt cavan ailəsini ayağa qaldırmağa çalışır. Son yeddi ildə kimya sənayesində çox sayda iş yerləri itirildi. İqtisadiyyatdakı böhran üzündən zavodlar bağlanmalı oldu. Belə bir vaxt Kristoferə iş tapmaq çətin idi. “Mən yarım ştat işlədiyim üçün təzminat alırdım. Mən yenidən zavoda qayıtmaq istəyirdim” - deyə, Kristofer bildirir.
Zigelhofer aylarla işsiz qaldı və ailəsini necə dolandıracağından narahat idi. Lakin gözlənilmədən ona zənglər gəlməyə başladı. Onu Pensilvaniya ştatındakı Fairless Hilldə açılan Polisilikon zavoduna işə çağırırdılar. “Mən iş tapdım. Elə bil ki, lotoreya udmuşdum. Mənim elə bil lotoreya udduğumu deməyim bəlkə də bu bir az gülməlidir. Lakin belə bir vaxtda iş tapmaqdan başqa mənim arzum ola bilməzdi.”
Yeni iş yerində Kristofer günəş lövhələri üçün yüksək keyfiyyətli materialların istehsalına nəzarət edir.
2009-cu ildə Polisilikon şirkəti iqtisadiyyata yardım paketinin bir hissəsi kimi “Yaşıl iş yerləri” adlı proqrama əsasən federal vergi kreditlərindən 44 milyon dollar aldı və şirkət bununla Kristofer Zigelhofer və onlarla insanı işə qəbul etmək imkanı qazandı. Şirkət ucuz qiymətə effektiv günəş lövhələrinin istehsalında böyük uğur əldə etdiyini deyir.
Polisilikon zavodu Amerikada iqtiasdi inkişaf və təmiz enerji kimi iki məqsəd birləşdirən şirkətlərdən biridir.
Prezident Barak Obama 447 milyard dollarlıq iş yerlərinə dair qanun aktının məhz bu iki məqsədə xidmət edəcək iş yerləri yaradacağına ümid edir. Prezident Obama: “Biz milyoner və milyardçılar üçün vergi imtiyazlarını qüvvədə saxlamalıyıq, yoxsa bu vəsaiti texnologoya, təhsil və infrakstruktura, gələcəkdə başqa ölkələrə innovasiya, təhsil və inkişaf sahəsində kömək edəcək sahələrə xərcləməliyik.”
Lakin prezident Obamanın səhiyyə və iqtisadiyyata aid qanun layihəsi ilə hamı razı deyil. Amerika Sahibkarlıq İnstitutunda iqtisadçı Con Makin prezidentin qanun layihəsinin yeni və effektiv olmadığını deyir. “Hamı insanların iş tapmasını istəyir, amma biz bütün bu işləri artıq görmüşük. Burada əsas sual odur ki, bundan daha artıq iş görsək, bunun köməyi olacaqmı? Əgər bu artım yüksəlişi təmin etsəydi, bu artım insanların gözləntilərini doğrultsaydı, biz indi bu proqrama baxmazdıq.”
Yeni iş tapan Kristofer Zigelhofer üçün isə bu layihə iqtisadiyyatın güclənməsi deməkdir.