ABŞ Prezidenti Barak Obama deyir ki, martda qəbul edilmiş səhiyyə islahatları artıq milyonlarla amerikalının həyatına müsbət təsir göstərir. Həftəlik müracitində cənab Obama Demokratların sponsorluq etdiyi qanun layihəsinin bəhrələrindən söz açıb. Cənab Obama deyib ki, bütövlükdə tibbi sığorta sənayesi xəstələnən adamların sığortasını ləğv etməməyə razılıq verib. O, həmçinin deyib ki, yenicə təsis olunmuş İstehlakçı İnformasiyası və Sığortaya Nəzarət İdarəsi sığorta şirkətlərinin sistemdən sui-istifadə etməsinin qarşısını almaqda kömək edəcək.
Respublikaçıların cavab müraciətində isə hazırda Konqresdə müzakirə olunan maliyyə islahatları qanunudan bəhs olunur. Senat Bank Komitəsinin aparıcı üzvü Riçard Şelbi qanun layihəsini tənqid edərək onun Freddie Mac və Fannie Mae kimi ipoteka nəhənglərinə toxunmamasını vurğulayır.