Accessibility links

Prezident maskadan istifadə ilə bağlı cərimələrin artırılmasını təsdiqlədi


İyulun 2-də Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.

Belə ki, maskadan istifadə etməməyə görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək. Daha əvvəl maska taxmayan şəxslər 50 manat cərimə edilirdi. Qayda pozuntusunun təkrar törədilməsinə görə cərimə daha iki dəfə artırılıb.

İcazəsiz küçəyə çıxmağa görə cərimələr də iki dəfə artırılıb. İndiyədək karantin rejiminin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilirdi.

Yeni qərara əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə olunacaq. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnəcək.

Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınır. Bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanıb. Hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Cərimələr epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə qüvvədədir.

XS
SM
MD
LG