Prezident Administrasiyası binasının önündə aksiya
Sentyabrın 14-də "Tərtər işi" üzrə həbs edilən və tutulduqdan sonra işgəncə nəticəsində öldüyü bildirilən hərbiçilərin bir qrup valideyni Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd göstərib. Hərbçilərin ailə üzvləri bildirib ki, onlar həbs olunmuş yaxınlarının azadlığa buraxılmasını, ölüm hallarında təqsirkarların cəzalandırılmasını istəyirlər, lakin şikayətlərinə cavab verilmir. Onlar deyir ki, məsələ üzrə istintaq düzgün aparılmayıb və iddia edirlər ki, onların yaxınları haqsız yerə verilən işgəncələr nəticəsində öldürülüb. Əraziyə gələn polis əməkdaşları etirazçıları oradan uzaqlaşdırıb. Aksiyada deyilənlərlə bağlı müvafiq orqanların fikrini almaq mümkün olmayıb. Tərtər işi fiqurantlarının ailə üzvləri bundan əvvəl də dəfələrlə şikayətlərini bildirmək üçün toplaşıblar. Ancaq rəsmi qurumlar səslənən şikayətlərə hər hansısa bir münasibət bildirməyiblər. Xatırladaq ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbçi və mülki şəxsin saxlanıldığını bildirib. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.