Bu ilin yanvarından bəri Azərbaycandan xarici jurnalistlərə qarşı təzyiq xüsusilə artıb və ilin əvvəlində altı xarici jurnalist bu və ya digər formada zorakılığa məruz qalıb. Bu haqda “Amerikanın səsi”nə Media Hüquqları İnstitutları İnstitunun əməkdaşı Xalid Ağəliyev danışır. Onun sözlərinə görə, bu ilin iyununda Bakıda Vaşinqton Post və Nyu York Taymz qəzetlərinin əməkdaşı Amanda Eriksonun döyülməsi və sənədli film çəkilişləri üçün Azərbaycana gələn üç isveçli journalist Rohvedder Strit, Şarlotta Vijstkröm və Şarli Laprevodun ölkədən deportasiya olunması kimi hallara indiyə qədər ümumiyyətlə rast gəlinməmişdi. Bu zamana qədər yerli jurnalistlərə ciddi təzyiqlər olunsa da, xarici mətbuat nümayəndələrinə qarşı əsasən yüngül formada təzyiq edilirdi:
“Motivlər onu deməyə əsas verir ki, jurnalistləri Azərbaycana gəlməkdən çəkindirmək istəyirlər. Təəssüf ki, bu belədir”.
“HEÇ BELORUSDA DA NAXÇIVANDAKI KİMİ PİS RƏFTAR GÖRMƏMİŞDİM”
Təzyiqə məruz qaldığını iddia edən jurnalistlərdən biri Almaniyanın məşhur Frankfurter Allgemeine Zeitung qəzetinin Moskva müxbiri Michael Ludwig isə “Amerikanın səsi”nə bunları danışır:
“Naxçıvanda gördüyüm pis rəftarı heç yerdə görməmişdim. Heç Belorusda da. Başa düşdüm ki, bu ökədə qalıb işləmək mümkün deyil”. Ludwig iyulun 5-də Naxçıvan Muxtar Respublikasına reportaj etmək üçün səfər edib, amma işini yarımçıq qoyub geri qayıtmalı olub. Dediyinə görə, Naxçıvan rəhbərliyi ona sərbəst informasiya almağa imkan verməyib:
“Mənə dedilər ki, sən təkbaşına gəzib intervyu ala bilməzsən. Bizim təyin etdiyimiz adamla gəzməlisən. Həmin adam bütün müsahibələrimdə mənimlə yanaşı gəzirdi. Qeydlər götürürdü və bu haqda xarici işlər nazirliyinə məlumat verirdi”.
Jurnalist deyir ki, təyin olunmuş bələdçi ona hökuməti tənqid edən fikirləri yox, ancaq müsbət fikirləri tərcümə edirmiş. Ona göstəriş verəndə ki, sürücü də hökumətin təyin etdiyi adam olmalıdır, başa düşüb ki, bu Naxçıvanda işləyə bilməyəcək: “Mən indiyə qədər bir neçə dəfə Azərbaycanda olmuşdum. Həmişə normal işləyə bilmişdim. Belə bir halla ilk dəfədir ki, qarşılaşırdım”.
XARİCİ JURNALİSTLƏRƏ QARŞI TƏZYİQLƏR ƏRƏB İNQİLABLARINDAN SONRA BAŞLADI
Sərhədsiz Reportyorlar Birliyinin Parisdəki nümayəndəsi Johann Bihr “Amerikanın səsi”nə deyir ki, Azərbaycanda xarici jurnalistlərə qarşı belə təzyiqlər ərəb ölkələrindəki inqilablardan sonra başlayıb.
“Şərq Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu də hesab edir ki, son vaxtlar Azərbaycan hökuməti xarici jurnalistlərə qarşı kampaniyaya start verib. Məqsəd isə ölkəni daha da qapalı rejimə çevirməkdir.
Ə.Oruclu bildirir ki, bu tendensiyanın əsası 2010-cu ildən başlayıb. Həmin vaxt hökumət viza rejimini dəyişdirdi: əvvəllər xarici ölkə vətəndaşları vizanı gəlib Azərbaycan sərhəddində ala bilirdilərsə, dəyişiklikdən sonra indi ölkəyə gəlmək üçün həmin şəxs vətəndaşı olduğu olduğu ölkədəki Azərbaycan səfirliyinə müraciət etməlidir. Ərəstun Oruclu hesab edir ki, bu dəyişiklik ölkəyə girişi məhdudlaşdırma deməkdir və Azərbaycan öz viza rejimini ABŞ və ya Avropa Birliyi ölkələri kimi sərt etməməli idi:
“Bu ölkələrə qanunsuz miqrasiya var. Azərbaycana isə yoxdur. Məsələn, Gürcüstana və Ermənistana giriş sərbəstdir. Bu ölkələrə gəlmək üçün əvvəlcədən viza almağa ehtiyac yoxdur”.
Xalid Ağəliyev deyir ki, başqa bir tendensiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hallarla əlaqədar xarici jurnalistlərin Azərbaycana buraxılmamasıdır.
Johann Bihr “Amerikanın səsi”nə müsahibəsində deyir ki, Azərbaycan hökuməti bu il iyulun 1-də Rusiyanın “İzvestiya” qəzetinin müxbiri Yuri Snegirevi Azərbaycana buraxmadılar. Xarici işlər nazirliyinin sözçüsü Elxan Poluxov elan etdi ki, müəllif Dağlıq Qarabağla bağlı indiyə qədər yazdığı iki məqaləsində “ermənipərəst” mövqe nümayiş etdirib. Bundan üç gün qabaq “Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyana aeroportdan ölkəyə daxil olmağa icazə verməyiblər. “Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, Elxan Poluxov etiraf edib ki, problem jurnalistin soyadının onun erməni əsilli olduğunu göstərən “yan” sonluğu ilə bitməsi olub. “Sərhədsiz Reportyorlar”ın bəyanatında Poluxova istinadla deyilir:
“Blumberq agentliyinə məlumat verilmişdi ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Odur ki, Markosyanın təhlükəsizliyinə təminat verilməsi məsələsi problem ola bilərdi. Biz xahiş etdik ki, agentlik başqa müxbir göndərsin”.
“Exo Moskvi” radiosunun redaktor müavini Sergey Buntman isə Azərbaycana ona görə buraxılmayıb ki, separatçı Dağlıq Qarabağ liderlərindən müsahibə alıb.
“BELƏ SİYASƏTAZƏRBAYCANIN ÖZÜNƏ ZİYANDIR”
Sərhədsiz Reportyorlar Birliyindən Johann Bihr “Amerikanın səsi”nə deyir ki, belə siyasət Azərbaycanın özünə ziyandır:
“Jurnalist diplomitik məsələlərdən uzaq olmalıdırlar. Ölkəyə girişə məhdudiyyət qoymaqla onlar qarşı tərəfə imkan yaradırlar ki, informasiyada üstünlük əldə etsinlər. Onlar imkan vermirlər ki, jurnalistlər gəlsinlər, Azərbaycan tərəfinin də mövqeyini əks etdirsinlər”.
“QAPANAN TANINMIR, TANINMAYAN SAYILMIR”
Hüquqşünas Erkin Qədirli bildirir ki, jurnalistlərlə belə davranmaq siyasi baxımdan doğru deyil. Xarici jurnalistlər hətta Dağlıq Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan keçiblərsə, xüsusi bir səbəb yoxdursa, yəni, məsələn, bu səfərin kəşfiyyat xarakterli səfər olması təsdiqlənməyibsə, onları Azərbaycana buraxmamaq legitim deyil:
“Burda hər konkret hal ayrıca araşdırılmalıdır. Məsələn, Ermənistan vətəndaşı olmayan jurnalistin erməni əsilli olduğuna görə ölkəyə buraxılmaması legitim sayıla bilməz. O ki qaldı hansısa jurnalist Azərbaycan haqda “qərəzlidirsə” həmin adamın ölkəyə buraxılmaması siyasi baxımdan doğru deyil, çünki belə olduqda onlar Azərbaycan tərəfinin mövqeyi ilə tanış ola bilmirlər. Qoy onlar gəlsinlər, görsünlər, Azərbaycanla da tanış olsunlar. Bütün bunlar hakimiyyətin ifadə azadlığının mahiyyətini anlamamasından irəli gəlir. Bu siyasətlə Azərbaycan mövqelərini itirir. Həmişə açıq olmaq lazımdır. Qapanan uduzur sonucda. Çünki tanınmır. Tanınmayan da sayılmır. Mən əslində, Azərbaycanın daha böyük potensialının olduğuna inanıram və bundan da istifadə olunmamasının əsas səbəblərindən birini qapanmaqda görürəm”.