Ukrayna prezidenti Petro Poroşenko rəqibi Vladimir Zelenskinin prezidentliyə namizədlər arasında debatların beş gün sonra keçirilməsinə razılıq verməsinə baxmayaraq, Kiyevdə debatlar üçün ayrılmış Olimpiya stadionuna tək gəlib.
Poroşenko aprelin 21-də prezident seçkilərinin ikinci turunda Zelenski ilə yarışır. Vladimir Zelenski bu ayın əvvəli seçkilərin birinci turunda böyük üstünlüklə irəli çıxıb. Rəy sorğuları onun final səsvermədə də üstünlük qazana biləcəyini proqnozlaşdırır.
Hər iki namizəd debatın keçirilməsinə razılıq versə də, onun fərqli tarixdə olmasını istəyib. Zelenski debatın aprelin 19-da, Poroşenko isə aprelin 14-də keçirilməsini istəyib.
Əgər Allah göstərməsin, o seçilsə, bu, Ukrayna xalqının seçimi olacaq və mən bu seçimə hörmət edəcəm.Ukrayna prezidenti Petro Poroşenko
Poroşenko stadiona toplaşanlar qarşısında çıxışında Zelenskiyə müraciət edərək “Mən bilirəm, siz baxırsınız” deyib və sonra istehza ilə Zelenskinin prezident Emmanuel Makronla görüşmək üçün Parisə səfərdən sonra dincəlməyə ehtiyacı olduğunu əlavə edib.
Jurnalistlərdən birinin Zelenskinin qələbə çaldığı təqdirdə onunla əməkdaşlıq edib-etməyəcəyi haqda sualının cavabında Poroşenko deyib ki, “əgər Allah göstərməsin, o seçilsə, bu, Ukrayna xalqının seçimi olacaq və mən bu seçimə hörmət edəcəm.”
Petro Poroşenko seçkilərin qarşıdan gələn ikinci turundan əvvəl beynəlxalq dəstək qazanmaq məqsədilə aprelin 12-də Berlinə və Parisə səfər edib.
Poroşenko Berlində Almaniya kansleri Angela Merkellə görüşüb. Merkel Almaniya ilə Ukrayna arasında son illərdə “çox yaxın münasibətlərin” qurulmasını təqdir edib.
Vladimir Zelenski Parisə səfər edərək, prezident Emmanuel Makronla görüşüb.