ABŞ dövlət katibi Maykl Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün telefon söhbəti zamanı ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arsında qarşıdan gələn zirvə görüşünə hazırlıqları müzakirə ediblər.
Pompeo və Lavrov telefon söhbəti zamanı Suriya münaqişəsi və Koreya yarımadasında duruma da toxunublar.
ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında telefon söhbəti haqda məlumatı Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqlamasında verib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arsında zirvə görüşü iyulun 16-da Helsinki şəhərində keçiriləcək.
Bu arada, Helsinkidə Tramp-Putin zirvə görüşündən öncə Rusiyaya səfər edir ABŞ Konqresinin nümayəndə heyəti xarici işlər naziri Lavrovla görüşüb.
Nümayəndə heyətininin başçısı, Alabama ştatından respublikaçı senator Riçard Şelbi ABŞ və Rusiya arasında münasibətlərin “bərpası üçün yeni günün” gələcəyinə ümidlərini ifadə edib.
ABŞ və Rusiya arasında əlaqələr Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il seçkilərinə müdaxiləsi, Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqində separatçılara dəstəyi, eləcə də Moskvanın Suriya münaqişəsində rolu ilə əlaqədar fikir ayrılıqlarına görə son onillikdə ən aşağı səviyyəyə çatıb.