Accessibility links

ABŞ dövlət katibi Sloveniyadadır


ABŞ dövlət Katibi Mayk Pompeo 5G texnologiyası ilə əlaqədar birgə bəyannamə imzalamaq üçün cümə axşamı Sloveniyada ölkə liderləri ilə görüşür.

Son bir ildə Avropa ölkələri, o cümlədən Polşa, Estoniya və Çexiya Çin şirkətləri istisna olmaqla, müstəqil məhkəmə araşdırması olmadan 5G təchizatçılarının xarici hökumət tərəfindən nəzarət edilməyəcəyini vəd edən razılıq imzalayıblar.

Pompeo 2011-ci ildən bəri Sloveniyaya səfər edən ilk ABŞ dövlət katibidir.

Onun cümə axşamı Sloveniyanın baş naziri Yanez Yansa, xarici işlər naziri Anze Loqar və prezident Borut Pahor ilə görüşü planlaşdırılıb.

Dövlət Departamenti danışıqlar zamanı əsasən nüvə enerjisi, Qərbi Balkan ölkələrini Avropa İttifaqına inteqrasiyası və enerji məsələlərinin müzakirə olunacağını bildirib.

Pompeo çərşənbə günü Çex Respublikasında səfərdə olub və orada Çinin iqtisadi qüdrətinin Sovet İttifaqının Soyuq Müharibə dövründə olduğundan da böyük bir təhlükə olduğunu deyib.

"Çin Kommunist Partiyasının təhdidinə müqavimət göstərmək müəyyən mənada daha çətindir. Çin artıq iqtisadiyyatlarımıza, siyasətimizə və cəmiyyətlərimizə qarışıb. Bu, Sovet İttifaqında belə olmamışdı" - deyə, Pompeo Çex Respublikasınının Senatı qarşısında etdiyi çıxışı zamanı bildirib.

Pompeo bu açıqlamaları Çinin Londondakı səfirinin keçən ay ABŞ-ı noyabrda keçiriləcək prezident seçkilərindən öncə Pekinlə qarşıdurma yaratmaqda ittiham etməsindən sonra edib.

ABŞ-Çin münasibətləri Pekinin koronavirusa münasibəti, Honq Konqdakı təhlükəsizlik tədbirlərini sərtləşdirməsi və Cənubi Çin dənizindəki mübahisəli fəaliyyətləri kimi məsələlərə görə bu il kəskin şəkildə pozulub.

Pompeo çərşənbə axşamı Avropaya bir həftəlik səfərinin ikinci günü Praqada Çex Respublikasının baş naziri Andrej Babsillə görüşüb.

Liderlər nüvə enerjisi sahəsində əməkdaşlıq, 3 Dəniz Təşəbbüsü, mərkəzi və şərqi Avropa ölkələri arasındakı infrastruktur məsələlərini müzakirə edib.

XS
SM
MD
LG