Accessibility links

Azərbaycanda siyasi məhbus problemi


Kristofer Strasser
Kristofer Strasser
Turan Agentliyinin məlumatına görə, Azərbaycanda siyasi məhbuslara dair məruzənin hazırlanması zərurəti ondan irəli gəlib ki, 2005-ci ildən ölkə rəhbərliyi bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etməyib. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser iyunun 26-da Strasburqda AŞPA Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Bundan bir neçə saat əvvəl Komitə onun bu məsələyə dair hesabatını qəbul edib.
Cənab Ştrasser həmkarlarının dəstəyindən və sənədin təqdir olunmasından məmnunluğunu ifadə edib. O, təəssüflə qeyd edib ki, Azərbaycan hakimiyyəti onun gəlişinə və vəziyyətlə yerində tanış olmasına maneçilik törədib.
“Ölkəyə gəlmək barədə müraciətlərimə “bizdə siyasi məhbus yoxdur” cavabını aldım”, - məruzəçi qeyd edib. O ümidvar olduğunu bildirib ki, Komitə məruzəni qəbul etdikdən sonra Azərbaycan hakimiyyəti irəli sürülən tövsiyələri yerinə yetirəcək.
Qəbul olunmuş hesabatın önəmindən danışan Ştrasser bildirib ki, “Avropa Şurasının üzvü olan ölkədə insan hüquqları ilə bağlı məsələ real problemə çevrilib və Parlament Assambleyasına mesajdır”.
Azərbaycanda siyasi məhbusların sayı barədə sualın cavabında Ştrasser deyib ki, ona 89 nəfərin adı daxil olub və o, bu siyahını hakimiyyətə göndərib.
“Lakin biz məhkəmə deyilik və konkret qərar qəbul etmirik. Biz Avropa İnsan Haqları Konvensiyası ilə zəmanət verilmiş azadlıqlara əməl olunmaqla, manipulyasiyadan imtina etməklə, vəkillərin iştirakı təmin olunmaqla “siyasi məhbus” anlamının təyinatının meyarları əsasında bu işlərə baxılmasını tələb edirik”, - Ştrasser vurğulayıb.
9 vicdan məhbusunun azadlığa buraxılmasını alqışlayan Ştrasser Azərbaycan hakimiyyətini siyasi məhbuslar problemini tamamilə həll etməyə çağırıb və Azərbaycana gəlməyə hazır olduğunu bildirib.
“Mən Azərbaycana gəlməyə hazıram, ancaq Avropa Şurasının qaydalarına uyğun olaraq, turist kimi yox. Əgər Azərbaycan hakimiyyəti siyasi irəliləyişə nail olmaq istəyirsə, əməkdaşlığa hazır olmalıdır”, - Ştrasser qeyd edib.
Məruzəçinin fikrincə, onun siyasi məhbusların siyahısına daxil olan adamlarla görüşmək imkanı olmalıdır. Hesabata gəlincə, sənəd 17 bənddən ibarətdir. Bura siyasi məhbusların işləri üzrə qanunçuluğa əməl olunmasının yoxlanması, məhkəmə prosedurlarının şəffaflığına əməl olunması daxildir.
Cənab Ştrasser deyib ki, müzakirələr zamanı hesabatdan 4 bənd çıxarılıb. O, təəssüflə qeyd edib ki, hakimiyyətin onun Azərbaycana gəlişini qadağan edən bənd qəbul olunmayıb və bu, AŞPA-nın keçmiş rəhbəri Mövlud Çavuşoğlunun təkidi ilə edilib. K.Ştrasser qeyd edib ki, AŞPA payız sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsinin müzakirəsinə yenidən qayıdacaq. O, hesabatın hazırlanmasında göstərdikləri yardıma görə azərbaycanlı hüquq müdafiəçilərinə və digər vətəndaş fəallarına öz təşəkkürünü bildirib.
Cənab Ştrasserin araşdırmasında əksini tapan meyarlara əsasən “siyasi məhbus” aşağıdakı halda sayılır:
1) əgər saxlanma Avropa İnsan Hüquqları Konvensiyasında əksini tapan əsas təminatlardan birinin, əsasən fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma azadlığının (söhbət bu məsələlərlə bağlı birbaşa ittihamın irəli sürülməsindən gedir) birbaşa pozulması ilə həyata keçirilirsə;
2) əgər həbs haqqında qərar sırf siyasi səbəblərlə istənilən cinayətlə əlaqədar olmadan çıxarılırsa;
3) əgər siyasi motivlərlə həbsdə saxlama müddəti və saxlama şəraiti cinayətə proporsional deyilsə (yəni, vətəndaş həbsdə qanunla nəzərdə tutulduğundan çox saxlanılır);
4) əgər vətəndaş siyasi motivlərlə digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılırsa;
5) əgər saxlanma ədalətsiz çəkişmələrin nəticəsi sayılırsa və bu hakimiyyəti tərəfindən siyasi motivlərlə əlaqədar təqdim olunursa.
Rəsmi Bakı bu gün bir daha bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.
“Kristof Ştrasserin hesabatı ilə bağlı hazırda müvafiq qurumlar təhlil aparır. Azərbaycanın bu məsələdə Avropa Şurasından fərqli mövqeyi var. Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir”. Bunu APA Agentliyinə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır. “Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Ştrasserin səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik. Hazırda da bu danışıqlar gedir. Komitədə bu məsələ qaldırılıb və sentyabr ayında bu məsələnin AŞPA-nın gündəminə gətirilməsi qərara alınıb. Azərbaycanın müvafiq qurumları bu məsələni öyrənir və buna münasibət bildirəcəklər”.
K.Ştrasserin Azərbaycanda siyasi məhbus kriteriyasına 90 nəfəri aid etməsinə gəlincə, PA rəsmisi bunun subyektiv mövqe olduğunu deyib. “Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Ştrasserin yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyib. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Biz Ştrasserin hesabatı ilə razı deyilik. Öz münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq”.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində siyasi məhbuslar üzrə məruzəçi Kristofer Strasserə dolğun və Azərbaycandakı siyasi məhbus problemini düzgün əks etdirən məruzə hazırladığına görə minnətdarlıq bildirib.
Onun fikrincə, Avropa Şurası və digər beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq Azərbaycanda siyasi məhbus problemi həllini tapmayacaq. “Hazırki rejimə cəmiyyətdə daim qorxunun qalması lazımdır. Xalqın səsi ilə hakimiyyətə gəlməyən bütün rejimlərdə belədir. Bu qədim Roma, Misir fironları, hətta onlardan da qədim dövrlərdən bəlli olan idarəetmə üsuludur. Azərbaycan rejimi də bu gün on nəfəri əfv edir, əvəzində daha çox insanı həbs edir”.
Xanım Yunus vəziyyətdən çıxışın yeganə yolunu demokratik seçkilərdə görür. “Heydər Əliyevin hakimiyyəti zamanı Avropa Şurasının ekspertləri beynəlxalq kriteriyalar üzrə ölkədə 714 siyasi məhbusun olduğunu müəyyən etmişdi. İndi isə ”həm siyasi, həm də vicdan məhbusları var”.
Siyasi məhbus və vicdan məhbusu kriteriyaları ikinci dünya müharibəsi zamanı müəyyən edilib. “Vicdan məhbusu o şəxslərə deyilir ki, ümumiyyətlə qanunvericiliyi pozmayıb, ancaq siyasi sifarişlə həbs edilib. Siyasi məhbusların isə müəyyən günahları olur. Buna baxmayaraq, onlar siyasi sifarişlə daha sərt cəzalara məhkum edilir”, - deyə o qeyd edib.
XS
SM
MD
LG