Accessibility links

Polis tərəfindən saxlanılan müxalifət fəalları azad buraxılıb


Milli Şuranın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü ilə bağlı mayın 28-də Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə keçirdiyi tədbir zamanı saxlanılan 8 nəfərin hamısı sərbəst buraxılıb. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirib.

Onun sözlərinə görə, saxlanılanların hamısı Abşeron Rayon Polis İdarəsinə aparılıb və bir neçə saat saxlandıqdan sonra buraxılıblar. "Amma "sərbəst buraxılıb" deyiləndə elə başa düşmək lazım deyil ki, məsələ bununla da bitib. Bu saxlanmaları polis idarəsində protokollaşdırırdılar, bu gün, sabah məhkəmələrə çağırışlar da ola bilər", o deyib

T.Yaqublu bildirib ki, polis idarəsində ondan izahat yazması tələb olunsa da bundan imtina edib. "Amma inzibati xətalar müstəvisində hansısa hüquqpozmalar, polisin qanuni əmrinə tabe olmamaq, polisə müqavimət kimi əsası olmayan təqsirləndirmələrə əl ata bilərlər", - o qeyd edib.

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı da bildirib ki, mayın 28-də Novxanıda keçirilən tədbir zamanı saxlanılan partiya Cəlilabad rayon təşkilatının 4 üzvü sərbəst buraxılıb.

G.Aslanlı bildirib ki, saxlanılanlara hər hansı inzibati cəza tətbiq olunmayıb.

Öz növbəsində rəsmi qurumlar müxalifət fəallarının saxlanılması ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG