Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edən jurnalist Polad Aslanovda əsəb tutmaları başlayıb və dil qatlanması baş verib.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 12-də Amerikanın Səsinə bildirib.
O, bu gün Polad Aslanovla telefonla danışdıqdan sonra deyib ki, Poladın səhhətində ciddi problemlər var, çox çətinliklə danışır, müstəqil hərəkət edə bilmir.
“Poladın çəkisi 49 kiloqramdan 45 kiloqrama düşüb. Səhhəti çox ağırlaşıb. Əsəb tutmaları var, dil qatlanması olub. Buna baxmayaraq aclığı davam etdirir. Yanvarın 17-dən quru aclığa keçəcəyini, sudan imtina edəcəyini bildirdi. Poladın saxlanma şəraiti də ağırdır. Onun saxlanıldığı sanitar-tibb hissəsindəki otağa daha ağır durumda olan xəstə məhbus yerləşdiriblər. Bu da Poladın əsbələrinə təsir edir,” o qeyd edib.
Gülmirə Aslanova bu gün Qırmızı Xaç Komitəsinin Bakı ofisinə telefonla zəng edib.
“Onlar koloniya rəhbərliyinə zəng edəcəklərini vəd etdilər və dedilər ki, bu gün Polada baş çəkə bilməyəcəklər," Aslanova deyib.
Aslanova Ombudsman Aparatına müraciət edib, onu əmin ediblər ki, həyat yoldaşı tibb işçilərinin nəzarəti altındadır.
Polad Aslanov Ombudsman Aparatının nümayəndələrinin ona baş çəkdiyini təsdiq edib.
Ombudsman Aparatından bildiriblər ki, başçəkmənin yekunlarına dair məlumat veriləcək.
Bu gün Gülmirə Aslanovanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində təkrar qəbul ediblər. Bu dəfə vəkil Elçin Sadıqov da onunla olub. Lakin görüş nəticəsiz qalıb.
Aslanovanın sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, bu iş üzrə hökm qanuni qüvvəyə minib. Hazırda iş baxılmaq üçün Azərbaycan Ali Məhkəməsindədir və məhkəmənin işinə müdaxilə etmək mümkün deyil.
"Vəkil və mən Poladın hüquqları ilə bağlı çoxsaylı pozuntuları qeyd etdik: "dövlətə xəyanət" maddəsi üzrə günahına sübutun olmaması bildirdik. Həmçinin dedik ki, Azərbaycan reallığında Dövlət Təhlükəsizliyi Xidməti məhkəmələrin qərar qəbul etməsinə təsir göstərmək vasitələrinə malikdir," Aslanova deyib.
Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.
Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə mühakimə olunub və İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar" və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.