Accessibility links

Gülmirə Aslanova: Polad Aslanov aclığı sonadək edəcək


Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanov beş gündür aclıq edir, o, yanvarın 6-da aclığa başlayıb.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib.

Gülmirə Aslanova: Polad Aslanov aclığı sonadək edəcək
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Onun sözlərinə görə, jurnalist kassasiya şikayətinə baxılmasının artıq bir ildir gecikdirilməsinə, həbsinin qanunsuz olmasına etiraz olaraq aclıq edir.

Gülmirə Aslanova
Gülmirə Aslanova

Gülmirə Aslanova deyib ki, həyat yoldaşı Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə yazdığı müraciətlərə cavab ala bilməməsindən də narazıdır.

Aslanovanın sözlərinə görə, jurnalist hazırda 1 saylı Cəzaçəkmə Müəssiəsinin tibb məntəqəsinə yerləşdirilib və orada həkim nəzarətindədir.

Jurnalistin həyat yoldaşı qeyd edir ki, Polad Aslanovun səhhəti ilə bağlı hələ də heç bir məlumat yoxdur.

"Onunla heç bir əlaqə yarada bilmirəm. Bu gün mən Ombudsman aparatına bununla bağlı məlumat vermişəm. Həm də cəzaçəkmə müəssisəsinə zəng vurmuşam. Az əvvəl mənə məlum oldu ki, onun əlindən artıq suyunu da alıblar. O bilirsiniz siqaretdən aslı olan bir insandır. Siqareti də alıblar. Siqareti başa düşdüm. Yəni ziyandır.Onu guya düşünüb ediblər. Amma suyunu almaqlarını heç cür başa düşə bilmədim. Bu barədə Penitensiar Xidmətə də məlumat vermişəm. Hələ Poladın özü ilə danışa bilməmişəm" - deyə, həyat yoldaşı qeyd edib.

Gülmira Aslanova deyir ki, jurnalist Polad Aslanov aclıq aksiyasını sonadək davam etdirmək niyyətindədir.

"Polad Aslanov son olaraq mənə bunu dedi ki, mən sonuna qədər aclıq aksiyasını davam etdirəcəm və sizdən də xahiş edirım ki, dayandırmaq üçün məndən heç bir xahiş, tələb etməyin" - deyə, o bildirib.

Bununla yanaşı, Penitensiar Xidmətdən və Ombudsman Aparatından hələ jurnalistin aclıq etməsi və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Aslanov bundan öncə cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərə son qoyulması tələbi ilə 2021-ci ilin iyun-iyul aylarında otuz günədək aclıq edib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG